Xəbəri Kokpitdə Oxuyun!

Red Bull hər iki maşın üçün baş mexanik təyin edib

Red Bull Racing pilotlarının maşınları ilə çalışan briqadalarda dəyişikliklər olub və indi Maks Ferstappenlə Ayzek Həcər qarşıdakı mövsümdə onların baş mexaniklərinin kim olacağını bilirlər.

Dördqat dünya çempionunun maşınının texniki briqadasına ötən ilə qədər rəhbərlik etmiş Mett Koller Audi-yə keçib və buna görə də kadr dəyişiklikləri qaçılmaz olub. Bu vəzifə indi onun qardaşı Con Kollerə həvalə edilib. O, 2025-ci ildə Yuki Tsunodanın maşınının baş mexaniki olub.

RacingNews365-in məlumatına görə, Condan boş qalan vəzifəni Mayk Peyn tutub. O, təcrübəli mütəxəssisdir, Red Bull Racing-ə Aston Martin-dən keçib, orada 2021-ci ilin mayından işləyib, bundan əvvəl isə altı il ərzində Williams-da təcrübə toplayıb.

Yarış mühəndisləri dəyişməz qalıb. Ferstappen Canpyero Lambyase ilə əməkdaşlığı davam etdirəcək, Həcər isə artıq Riçard Vud ilə işini qurur və onunla Əbu Dabidə keçirilmiş dekabr testlərindən tanışdır.

Vudu Red Bull Racing-in köhnə üzvlərindən saymaq olar, çünki o, bu komandaya 2012-ci ildə gəlib, müxtəlif vəzifələrdə çalışıb – simulyator briqadasında, strategiya şöbəsində işləyib. 2024-cü ildə bəzi yarışlarda Serxio Peresin mühəndisi olub, ötən mövsümdə isə əvvəl Liyam Lousonla, daha sonra Tsunoda ilə işləyib.

Gilanur Huseynova

Şərh əlavə et