Xəbəri Kokpitdə Oxuyun!

Cadillac ilk dəfə trasa çıxıb

Cadillac 2026-cı il Formula 1 maşınını ilk dəfə bu gün trasa çıxarıb və yeni avtomobilə aid ilk fotoları paylaşıb.

Amerika komandası cümə günü Silverstoun trasında Formula 1 tarixindəki ilk rəsmi sürüşünü həyata keçirərək, tarixi addım atıb. Film günü çərçivəsində baş tutan bu sürüş zamanı yeni maşın ilk dəfə trasa çıxıb. Cadillac F1 avtomobilini idarə edən ilk pilot olma şərəfi isə Serxio Peresə nəsib olub.

Çəkiliş günü sürüşü Cadillac-a rəsmi qış testlərindən əvvəl maşının bütün texniki komponentlərinin düzgün işləyib-işləmədiyini yoxlamaq imkanı verib. Avtomobil Silverstounda tam qara rəng çaları ilə trasa çıxıb. Cadillac yekun rəng çakarını fevralın 8-də təqdim edəcək.

Cadillac Formula 1 Team Holdings şirkətinin baş icraçı direktoru Den Tovriss bu anı xüsusi sözlərlə dəyərləndirib: “Bu çəkiliş günü komandamız üçün son dərəcə böyük addımdır. Maşının ilk dəfə qarajdan çıxması təsvirolunmaz qürur hissi yaratdı. Trasda atılan ilk dövrələr minlərlə saatlıq əməyin və saf ehtirasın nəticəsi olan tarixi mərhələdir”.

Komandanın rəhbəri Qrem Loudon da günün əhəmiyyətinə diqqət çəkib: “Bu gün komanda daxilindəki hər kəsin zəhmətini, inancını və əzmini təmsil edir. Qısa müddətdə böyük irəliləyiş əldə etmişik. Real qaraj şəraitində işləmək, sistemləri yoxlamaq və ilkin problemləri aradan qaldırmaq son dərəcə dəyərli oldu. Amma bu, sadəcə başlanğıcdır. İndi bütün diqqətimiz bir neçə həftə sonra keçiriləcək qış testlərinə yönəlib”.

Serxio Peres isə Cadillac ilə ilk sürüşünü belə şərh edib: “Bu, həqiqətən möhtəşəm gün oldu. Komanda olaraq ilk dövrələrimizi atmaq hər kəs üçün böyük qürur mənbəyidir. Avroidan tarixinin bir parçası olmaq çox xüsusi hissdir. Əlbəttə, bunun dadını çıxarırıq, ancaq eyni zamanda bu məni daha böyük hədəflər üçün motivasiya edir. Ən qısa zamanda yenidən sükan arxasına keçib daha çox məsafə qət etmək istəyirəm”.

Peresin komanda yoldaşı Valteri Bottas da günü məmnunluqla dəyərləndirib: “Bu gün komanda olaraq tarix yazdıq. İlk dövrələri Çeko atdı və hər şey problemsiz keçdi. Bunu mümkün edən hər kəslə qürur duyuram. Bu ana yaxından şahidlik etmək çox xüsusi idi. İlk gün arxada qaldı və indi təkmilləşərək davam edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et