Xəbəri Kokpitdə Oxuyun!

Rikkardo Adami vəzifəsindən uzaqlaşdırılıb

Rikkardo Adami 2026-cı ildə Lyuis Həmiltonun yarış mühəndisi olmayacaq.

Cümə axşamı Ferrari-nin mətbuat xidməti açıqlama yayımlayaraq, italyan mütəxəssisin başqa vəzifəyə keçdiyini bildirib, yeddiqat dünya çempionunun yeni yarış mühəndisinin adı isə daha sonra açıqlanacaq.

Ferrari komandasının bəyanatında deyilir: “Ferrari komandası bildirir ki, Rikkardo Adami Ferrari Yarış Akademiyasında vəzifəyə gedib. O, Yarış Akademiyasının və TPC proqramının (Testing of a Previous Car – əvvəlki illərin maşınlarının testləri) rəhbəri postunu tutub.

Onun tras üzərində qazandığı geniş təcrübə və Formula 1 üzrə ekspert bilikləri gələcək istedadların inkişafına töhfə verəcək və proqram çərçivəsində yüksək nəticələr mədəniyyətini daha da gücləndirəcək. Ferrari komandası Rikkardoya trasdakı işi zamanı göstərdiyi sədaqətə və verdiyi töhfələrə görə təşəkkür edir və yeni vəzifəsində ona uğurlar arzulayır.

44 nömrəli maşının yeni yarış mühəndisinin təyinatı barədə yaxın vaxtlarda məlumat veriləcək.”

Rikkardo Adami Lyuis Həmiltonla işləməzdən əvvəl Ferrari-də Sebastyan Fettelin və Karlos Saynsın yarış mühəndisi olub. Lakin ötən mövsümün gedişində onunla Lyuis arasında radio danışıqları zamanı vaxtaşırı anlaşılmazlıqlar yaşanıb. Bu isə sürücü ilə mühəndis arasında münasibətlərin gərgin olduğu barədə şayiələrin yayılmasına səbəb olub, baxmayaraq ki, Lyuis özü bunu dəfələrlə təkzib edib.

Rauf Hacıyev

Şərh əlavə et