McLaren komandası 2026-cı il mövsümü üçün ehtiyat sürücülərin adlarını açıqlayıb. Bunlar Formula 2 çempionu Leonardo Fornaroli və IndyCar seriyasında Arrow McLaren komandasında çıxış edən Pato O’Vard olub.
Leonardo Fornaroli ehtiyat sürücü statusu ilə yanaşı, test-pilot və maşının inkişafı üzrə sürücü statusunu da alıb. Komanda italiyalı sürücü üçün geniş test proqramı və simulyatorda çoxlu saatlıq iş planlaşdırıb.
McLaren 2026-cı il üçün gənclər proqramının iştirakçılarının adlarını da açıqlayıb. Bunlar Riçard Fersxor (DUQUEINE komandası ilə Avropa Le-Man seriyasında LMP2 sinfində çıxış edəcək), Matteo de Palo (Formula 3), Ella Lloyd və Ella Stivens (hər ikisi Rodin Motorsport komandası ilə F1Academy-də), Dris van Langendonk (Britaniya Formula 4), Kristian Kostoya (İtaliya, Avropa və Yaxın Şərq Formula 4 çempionatları) və Ella Hakkinen (2027-ci ildə debütə hazırlıq çərçivəsində Formula 4 testləri) olub.
Biznes məsələləri üzrə direktor Alessandro Alunni Bravi: “Komanda 2026-cı ildə yarış və test proqramları ilə paralel şəkildə həyata keçiriləcək pilotların inkişaf proqramını təsdiqləməkdən məmnundur.
Bu proqram çərçivəsində Leonardo böyük məmnuniyyətlə McLaren komandasının Formula 1 üzrə ehtiyat sürücüsü rolunu üzərinə götürəcək və inkişafını davam etdirəcək, Pato O’Vard isə bu rolu icra etməyə davam edəcək.
Biz doqquz sürücüdən ibarət inanılmaz dərəcədə istedadlı bir qrup seçmişik ki, bu da kadr hazırlığı sistemimizin yüksək səviyyəsini göstərir. Bu mövsüm onların inkişafını səbirsizliklə gözləyirik, çünki biz peşəkar sürücüləri Formula 1, IndyCar və McLaren-in gələcəkdə Dünya Dözümlülük Çempionatında iştirakı üçün hazırlayırıq.”
Leonardo Fornaroli:
“Pilotların inkişaf proqramı çərçivəsində McLaren komandasında ehtiyat sürücü statusu almaq imkanına görə çox sevinirəm. Bu, karyeramda həyəcanverici bir addımdır və yeni mövsümdə çempion komandanın uğurlarına töhfə vermək üçün səbirsizliklə gözləyirəm. Bu fürsətə görə Zak Braun, Andrea Stella və Alessandroya böyük təşəkkür edirəm.”
Pato O’Vard:
“Mən McLaren komandasının Formula 1 üzrə ehtiyat sürücüsü kimi fəaliyyətimi Arrow McLaren ilə IndyCar seriyasındakı çıxışlarımla birləşdirərək davam etdirməkdən məmnunam. Son bir neçə ildə Formula 1 maşınlarını idarə edərkən inanılmaz dərəcədə çox şey öyrənmişəm və bundan sonra da inkişaf edib böyüməyi səbirsizliklə gözləyirəm.”




Şərh əlavə et