Xəbəri Kokpitdə Oxuyun!

Ferrari geridə qalır?

Ferrari komandası 2026-cı ildə də azarkeşlərini məyus edə bilər.

2025-ci il mövsümü Ferrari üçün fiasko ilə yadda qalıb: Şarl Lekler qələbə qazanmayıb, Lyuis Həmilton karyerasında ilk dəfə podiumsuz qalıb, Scuderia isə Mühəndislər Kubokunda 2-ci yerdən 4-cüyə geriləyib. Rəhbərlik 2026-cı ildə sıçrayış vəd etsə də, İtaliyadan gələn xəbərlər tiffozilər üçün elə də ürəkaçan görünmür.

İtaliya mətbuatının yazdığına görə, Ferrari öz hazırlıq qrafikindən geri qalır.

Lekler və Hemilton artıq yeni şassi üçün oturacaqlarını ölçdürüb, maşının əsas parametrləri təsdiqlənib, amma ən kritik mərhələ – yeni mühərrikin ilk işə salınması hələ baş verməyib.

Auto Racer nəşri vəziyyəti belə təsvir edir: “Mənbələrimiz cədvəldən geri qalındığını göstərir. Yaxın günlərdə daha çox şey biləcəyik, lakin bəzi məlumatlara görə, komandada artıq xaos hökm sürür”.

Bu da işin daha ağrılı tərəfidir: Honda, Mercedes və Audi artıq 2026-cı il mühərriklərini işə saldıqlarını rəsmən açıqlayıblar. Ferrari isə hələ yox.

Maranelloda ilk startın yaxın günlərdə baş tutacağı gözlənilir, ancaq artıq vaxt itirilib. Formula 1-də isə vaxt itirmək Monakoda səhv döngəyə girmək kimidir: çıxışı tapana qədər hamı ötüb gedir.

Yeni maşın – Ferrari SF-26  23 yanvarda təqdim olunacaq. Bu da Barselonadakı testlərdən cəmi üç gün əvvəl deməkdir. Yəni əgər mühərrik tərəfdə problem varsa, bu, qırmızı bolidin geridə qalmasına səbəb ola bilər.

Rauf Hacıyev

Şərh əlavə et