Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen yoxsa Senna?

Sabiq Formula 1 pilotu Devid Kulthard idman tarixinin iki əfsanəvi pilotu Ayrton Senna ilə Maks Ferstappeni müqayisə edib.

Şotlandiyalı sabiq sürücü  iştirak etdiyi *Red Flags* podkastında iki pilot arasında seçim edib. O, aşkar formada Ayrton Sennanın tərəfini tutub.

O, hətta bildirib ki, Maks da Sennaya heyrandır: “Maksn Ayrtonun öz dövründə gördüyü işlərə və onun bir məqsədə tam fokuslanan yanaşmasına böyük hörmət bəslədiyini şəxsən eşitmişəm”.

Kulthardın sözlərinə görə, Senna nəyəsə inandıqda yolundan heç vaxt dönməyən xarakterə malik olub və bu xüsusiyyəti ilə Formula 1 tarixində bənzəri olmayan bir fiqur kimi seçilib. Braziliyalı əfsanənin mübahisəli tərəflərinə də toxunan Kulthard, Sennanın bu baxımdan Mixael Şumaxerdən o qədər də fərqlənmədiyini vurğulayıb.

Keçmiş pilot bildirib ki, Sennanın varlığı hətta trasdan kənarda da hiss olunub və bununla bağlı şəxsi xatirəsini də bölüşüb: “Ayrtonla işləmişəm. Arxa qapıdan otağa daxil olanda hamının birdən susduğu anları yaşamışam. Onu görməmişdən əvvəl belə orada olduğunu hiss edirdin. Spiritüel insan deyiləm, amma həyatımda ilk və yeganə dəfə birinin varlığını bu cür hiss etmişəm”.

Kulthard Ferstappeni daha realist və sadiq xarakter kimi dəyərləndirib. Niderlandlı pilotun böyük istedada malik olduğunu qəbul edən keçmiş sürücü bildirib ki, Maks hələ çox uğurlara imza atacaq.

Buna baxmayaraq, Kulthard şəxsi təcrübələrinə əsaslanaraq Sennanın yaratdığı təsirin tamamilə fərqli olduğunu vurğulayıb və bu müqayisədə öz mövqeyini ortaya qoyub.

Rauf Hacıyev

Şərh əlavə et