Formula 1 üzrə hazırkı dünya çempionu McLaren komandası da nəhayət yeni maşının təqdimat tarixini açıqlayıb. Britaniya təmsilçisi təqdimatı hamıdan sona saxlayıb.
Komandanın 2026-cı il mövsümü üçün hazırladığı MCL40 bolidi 9 fevralda Bəhreyndə, rəsmi qış testlərindən bir qədər əvvəl nümayiş etdiriləcək. Təqdimat canlı yayımla həm komandanın rəsmi saytında, həm də sosial şəbəkə hesablarında göstəriləcək.
Tədbirdə Zak Braun, Andrea Stella, eləcə də sürücülər Lando Norris və Oskar Piastri çıxış edəcək. Azarkeşlər yeni rəng çalarlarını da ilk dəfə məhz orada görəcək.
Qeyd edək ki, “narıncılar” son iki mövsümdə Mühəndislər Kubokunun, son mövsümdə isə Sürücülər Çempionatının qalibi olublar. Onlar keçən il 24 yarışdan 14-də qələbə qazanıblar. Lando Norris mövsümü çempion kimi bağlayıb. Oskar Piastri isə ondan 13 xal geridə qalaraq, üçüncü yeri tutub.




Şərh əlavə et