Xəbəri Kokpitdə Oxuyun!

FİA mühərrik istehsalçıları ilə görüşəcək

Keçən ilin sonlarında mübahisəli bir vəziyyət yaranmışdı: məlum olmuşdu ki, Mercedes və Red Bull 2026-cı il qaydalarındakı boşluqdan istifadə edərək, mühərriklərin xüsusiyyətlərini yaxşılaşdırıblar. Bununla da sıxılma əmsalını 2025-ci ildəki 18:1 səviyyəsinə qaytarıblar. Halbuki 2026-cı il üçün icazə verilən limit 16:1 nisbətindədir.

Sonradan FIA bildirmişdi ki, bu istehsalçılara qarşı iradları yoxdur, çünki ölçmə metodikasına uyğun olaraq, ətraf mühit temperaturunda ölçülən sıxılma dərəcəsi qaydalarına uyğun gəlib.

Bu mövqe isə Ferrari, Audi və Honda-da ciddi suallar doğurub. Onların fikrincə, 16:1-dən yuxarı sıxılma əmsalı ilə işləyən istənilən mühərrik qeyri-qanuni sayıla bilər və bu, mövsümün ilk yarışından sonra belə rəsmi etiraz (protest) verməyə imkan yaradır.

Onlar etirazı F1 Texniki Reqlamentinin C1.5 maddəsinə əsaslandıra bilərlər. Orada qeyd olunur ki, avtomobillər “yarışların gedişi boyunca daim qaydalara uyğun olmalıdır”. Yəni mühərrik real iş şəraitində 16:1 nisbətindən yuxarı işləyirsə, laboratoriya ölçməsindən asılı olmayaraq, bu problem yarada bilər.

Ferrari, Audi və Honda-nın məktubuna cavab olaraq, FIA 22 yanvarda bütün mühərrik istehsalçılarını bir araya gətirərək, məsələni müzakirə etməyə qərar verib.

Qaydaların cari versiyasının mövsüm başlamazdan əvvəl dəyişdirilməsi çox az ehtimal olunur, lakin ya ölçmə proseduru dəqiqləşdirilə, ya da bu məhdudiyyət tamamilə ləğv edilə bilər.

Bir şey aydındır: mühərrik istehsalçıları və FIA mövsümün əvvəlində böyük texniki qalmaqaldan qaçmağa çalışır .

Rauf Hacıyev

Şərh əlavə et