Xəbəri Kokpitdə Oxuyun!

Lego Ferrari F2004 modelini istehsal edəcək

Mixael Şumaxerin əfsanəvi Ferrari F2004 avtomobili LEGO Icons seriyası çərçivəsində satışa çıxarılacaq.

LEGO Icons Formula 1 setləri təxminən 30 santimetr uzunluğunda Formula 1 bolidi və ona uyğun pilot fiqurundan ibarət olur. Seriyada artıq Naycel Mansell – Williams FW14B və Ayrton Senna – McLaren MP4/4 kimi ikonlaşmış kombinasiyalar da yer alır.

Williams və McLaren-in setləri 69,99 funt sterlinq qiyməti ilə satışa çıxarılıb. Bu səbəbdən Şumaxer və Ferrari F2004 setinin də oxşar qiymət aralığında təqdim olunacağı gözlənilir.

Ferrari F2004, Mixael Şumaxerin karyerasındakı ən dominant avtomobillərdən biri hesab olunur. Alman pilot 2004-cü il mövsümündə bu maşınla 18 yarışın 15-də qalib gəlib və Ferrari ardıcıl altıncı Mühəndislər Kubokunu qazanıb, Şumaxer isə yeddinci və son dünya çempionluğunu rəsmiləşdirib.

Formula 1 LEGO ilə əməkdaşlığını 2024-cü ilin sentyabr ayında elan edib. Bu tərəfdaşlıq çərçivəsində məktəbəqədər uşaqlardan tutmuş böyüklərə qədər hər yaş qrupuna xitab edən müxtəlif setlərin satışa çıxarılması planlaşdırılır.

Formula 1-in kommersiya direktoru Emili Prazer əməkdaşlıqla bağlı bunları deyib: “LEGO dünya üzrə milyonlarla uşaq və böyüklərdə yaradıcılıq və qurma həvəsini oyadıb. Bu tərəfdaşlıq sayəsində azarkeşlər Formula 1 dünyasını kərpic-kərpic yenidən yarada və oyunun içində idmanın arxasındakı mexaniki və texnoloji detalları daha yaxından kəşf edə biləcəklər. Formula 1-in dramını və həyəcanını LEGO icmasının ehtiraslı qurucularına çatdırmağı və azarkeşlərimizə bu idmanı ailə üzvləri və dostları ilə birlikdə yaşamaq üçün yeni bir yol təqdim etməyi səbirsizliklə gözləyirik”.

LEGO Group-un məhsul və marketinq direktoru Culiya Qoldin: “LEGO Group olaraq indiyədək bir çox Formula 1 avtomobilini LEGO kərpicləri ilə yenidən yaratmaqdan qürur duyuruq. Bu yeni əməkdaşlığın LEGO-nun oyun və qurma təcrübəsi vasitəsilə bu idmanın möhtəşəmliyini azarkeşlərə daha da yaxınlaşdıracağına inanırıq. Bu tərəfdaşlıq azarkeşlərin Formula 1-ə olan sevgisini daha cəlbedici və həyəcanlı yollarla qeyd etməsinə imkan verəcək və LEGO-nun yaradıcılıq gücünün Formula 1 həyəcanını daha da artırmasına şərait yaradacaq”.

Rauf Hacıyev

Şərh əlavə et