Xəbəri Kokpitdə Oxuyun!

Audi motoru uğurla işə salıb

Sauber komandasının əsasında yaradılmış Audi F1 zavod komandası 2026-cı il üçün hazırlanmış şassiyə artıq quraşdırılmış mühərriyin ilk dəfə uğurla işə salındığını açıqlayıb və bunu “dönüş nöqtəsi” adlandırıb.

Bu hadisə komandanın İsveçrənin Hinvill şəhərində yerləşən bazasında 19 dekabrda baş verib, lakin bu barədə yalnız indi məlumat verilib. Açıqlamada qeyd olunub ki, bu addım “layihənin konstruksiya mərhələsindən dinamik reallığa keçidini simvolizə edir”.

Bunun arxasında Almaniyanın Noyburq şəhərində yerləşən mühərrik bölməsində, Hinvildəki komanda bazasında və Böyük Britaniyanın Bister şəhərində açılmış yeni Audi Sport Texniki Mərkəzində çalışan yüzlərlə mühəndis və konstruktorun illərlə apardığı iş dayanır.

Audi bu nailiyyəti son dərəcə vacib hesab edir və hadisə şirkətin və komandanın ali rəhbərliyi tərəfindən şərh edilib.

Gernot Döllner, Audi AG-nin icraçı direktoru və Audi Motorsport-un Direktorlar Şurasının sədri: “Audi üçün Formula 1-də debüt brendimizin yenilənməsi prosesinin ən mühüm tərkib hissəsidir. Bu mərhələ ‘Vorsprung durch Technik’ (təxminən ‘Texnologiya vasitəsilə üstünlük’) şüarı ilə ifadə olunan ambisiyalarımızı açıq şəkildə nümayiş etdirir.

Bu, komandanın fasiləsiz əməkdaşlığının və dayanmadan mükəmməlliyə can atmasının nəticəsidir və bütün təşkilatımız üçün nümunə rolunu oynayacaq. Layihə dəyişikliklərin katalizatorudur, xüsusi qürur mənbəyidir, kimliyimizin və həvəsimizin sübutudur.

Mühərrikin işə salınması ilə Hinvildə, Noyburqda və Bisterdə çalışan hər kəsin səyləri komandamızı yeni səviyyəyə çıxarıb və Audi-nin avtoidman tarixində növbəti, son dərəcə maraqlı səhifəsi açılıb”.

Mattia Binotto, Audi F1 layihəsinin rəhbəri: “Mühərrikin işə salınması həmişə xüsusi məqamdır, amma bu dəfə eyni zamanda yeni başlanğıcdır. Bu, Noyburq və Hinvildəki kollektivlərin ortaq ambisiyalarının və fədakar əməyinin real nəticəsidir.

Biz ilk dəfə hər şeyin bir araya gəldiyini görürük və bu, layihəyə inanılmaz enerji verir. Qarşıda uzun bir yol var və bu yolda həlledici amil daim daha yaxşı olmağa çalışmaqdır”.

Conatan Uitli, Audi F1 Team-in rəhbəri: “Mühərriyin uğurla işə salınması işimizin keyfiyyətini və komandanın bütün bölmələri arasındakı əməkdaşlığı qiymətləndirməyə imkan verən son dərəcə vacib mərhələdir. Bu, bütün komandanı ruhlandırır və layihənin növbəti mərhələlərinə, o cümlədən avtomobilimizi ilk dəfə trasda görəcəyimiz ana aydın istiqamət verir”.

Komandanın debüt mövsümünə hazırlığı intensiv şəkildə davam edir. Növbəti mühüm hadisə 20 yanvarda Berlində keçiriləcək təqdimat olacaq. Belə ki, həmin tədbirdə Audi yeni avtomobilin tam rəng çalarını nümayiş etdirməyi vəd edir. Bu təqdimat yanvarın sonuna planlaşdırılan Barselona testlərindən dərhal əvvəl baş tutacaq.

Rauf Hacıyev

Şərh əlavə et