Xəbəri Kokpitdə Oxuyun!

Vill Kortni McLaren-də işə başlayıb

Red Bull Racing-in sabiq baş strategi Vill Kortni McLaren-də işə başlayıb və komandanın idman direktoru vəzifəsinə təyin olunub.

Kortninin McLaren-ə keçidi hələ 2024-cü ilin sentyabrında elan olunmuşdu, lakin onun Red Bull Racing ilə müqaviləsi yalnız 2026-cı ilin ortalarında başa çatırdı və tərəflər vaxtından əvvəl ayrılıq barədə razılığa gələ bilməmişdi.

Nəticədə Kortni 2025-ci il mövsümünü tam şəkildə Red Bull Racing-də keçirib və yalnız indi komandadan ayrılmasına icazə verilib. Bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb.

Vill Kortni: “Red Bull Racing-də 22 il işlədikdən və bunun son 15 ilini strategiya şöbəsinin rəhbəri kimi keçirdikdən sonra məmnuniyyətlə bildirirəm ki, artıq Formula 1 üzrə komandanın idman direktoru kimi McLaren Racing-ə qoşuluram.

Red Bull-da birlikdə çalışdığım hər kəsə böyük təşəkkürümü bildirirəm. Orada çoxlu gözəl dostlar qazandım və ümid edirəm ki, onların bir çoxu ilə paddokda yenidən qarşılaşacam. Bu, inanılmaz dərəcədə yaddaqalan dövr idi.

İndi isə yeni vəzifədə və yeni komandada işə alışmağı səbirsizliklə gözləyirəm, eyni zamanda yeni dostlar qazanacağıma ümid edirəm və yaxın illərdə McLaren-in son uğurlarını möhkəmləndirməsinə kömək etmək üçün əlimdən gələni edəcəyəm”.

Rauf Hacıyev

Şərh əlavə et