Alman təmsilçisi müasir Formula 1 tarixinin ən uğurlu komandalarından biridir. “Gümüşü oxlar” 2014–2021-ci illər arasında ardıcıl səkkiz mövsüm Mühəndislər Çempionatının qalibi olublar. Brekli mərkəzli kollektiv həmin dövrdə yeddi Pilotlar Çempionluğu qazanıb və bu titullar Lyuis Həmilton ilə Niko Rosberq arasında bölüşdürülüb.
Altlıq effekti dövrünün başladığı 2022-ci ildən etibarən Mercedes performans baxımından eniş yaşayıb. Komanda 2022–2025-ci illəri əhatə edən dörd mövsümdə cəmi altı qələbə əldə edib. Bu qələbələrin ikisi 2025-ci il mövsümündə Corc Rassell tərəfindən qazanılıb və Mercedes mövsümü McLaren-dən sonra ikinci pillədə başa vurub.
Formula 1 2026-cı il mövsümündən etibarən mühərrik, şassi və aerodinamika qaydalarında genişmiqyaslı dəyişikliklərə keçməyə hazırlaşır. Yeni texniki dövrdə güc qurğuları 50 faiz elektrikləşmə, tam sintetik yanacaqlar və aktiv aerodinamika konsepti üzərində qurulacaq.
Padokda Mercedes-in bu yeni texniki mərhələyə hazırlıqlarının xeyli irəlidə olduğu geniş şəkildə müzakirə olunub. Alman istehsalçının yeni loqotip addımı da bu keçid prosesinin bir hissəsi kimi qiymətləndirilib.

Sosial şəbəkələrdə paylaşılan yeni loqotip son illərdə istifadə edilən qara, ağ və Petronas yaşılından ibarət rəng palitrasının 2026-cı mövsümündə də qorunacağını göstərib.
Mercedes 2020-ci il mövsümü ərəfəsində qlobal irqi ayrı-seçkiliyə qarşı etirazlar fonunda qara rəngə keçmiş, 2022-ci ildə isə yenidən əsasən gümüş rəngli dizayna qayıtmışdı. Komanda 2023-cü ildə yenidən qara rəndin üstün olduğu görünüşə üstünlük vermişdi, 2024 və 2025-ci il mövsümlərində isə qara ilə gümüşün birləşdirildiyi dizayndan istifadə edilib.
Mercedes 2026-cı il mövsümündə yarışacaq W17 bolidinin təqdimat tarixini hələ açıqlamayıb. Formula 1 təqviminə əsasən, 26–30 yanvar tarixlərində Barselonada qapalı qapılar arxasında test sessiyası keçiriləcək. Bunun ardınca fevral ayında Bəhreyndə iki rəsmi mövsümöncəsi test baş tutacaq.




Şərh əlavə et