Avstriya komandasında son iki ildə davam edən daxili çəkişmələr 2024-cü il mövsümünün əvvəlində ictimailəşmiş və bu proses 2025-ci ilin yay aylarında Kristian Hornerin 20 illik komanda rəhbərliyi vəzifəsindən mübahisəli şəkildə uzaqlaşdırılması ilə nəticələnmişdi. Həmin dövrdə bu güc savaşının qalibi kimi uzun illər Red Bull ailəsinin məsləhətçisi olmuş Helmut Marko göstərilirdi.
Hornerə qarşı mövqe tutan əsas fiqurlar arasında Red Bull GmbH-də Korporativ Layihələr və Yeni İnvestisiyalar üzrə baş icraçı direktor vəzifəsini icra edən Oliver Mintslaff da yer alıb. Hətta Hornerlə rəsmi şəkildə vidalaşan şəxsin məhz Mintslaff olduğu bildirilib. Bu səbəbdən Mintslaff ilə Marko arasında güclü ittifaq formalaşdığı düşünülürdü.
Lakin son həftələrdə bu mənzərə dəyişib. Əvvəlcə Helmut Markonun Red Bull-dan ayrılığı rəsmiləşib, ardınca isə iki tərəf arasındakı fikir ayrılıqları açıq şəkildə üzə çıxıb. Marko son açıqlamalarında Horneri açıq hədəfə alaraq, onun daha əvvəl göndərilməsi halında Maks Ferstappenin çempion ola biləcəyini iddia etmişdi.
Bu açıqlamalar Mintslaff ilə Marko arasındakı qopmanı daha da dərinləşdirib. Mintslaff Hornerin vəzifədən uzaqlaşdırılması qərarını müdafiə etsə də, Markonun aqressiv çıxışlarına dəstək verməyib.
Oliver Mintslaff Niderland mətbuatına verdiyi açıqlamada mövqeyini aydın şəkildə ifadə edib. O bildirib ki, Horner barədə səsləndirilən tənqidlər Markonun şəxsi fikirləridir və onun özü Kristian Horner haqqında mənfi nəsə deyə bilməz, çünki Horner Red Bull üçün çox əhəmiyyətlidir.
Mintslaff vurğulayıb ki, hər bir təşkilatda bəzən işlər istənilən səviyyədə getmir və rəhbərlik seçim qarşısında qalır: mövcud rəhbərə əlavə vaxt vermək, yoxsa yeni liderlə yoluna davam etmək. Red Bull-un isə dəyişiklik zamanının çatdığı qənaətinə gəldiyi bildirilib.
Onun sözlərinə görə, bir təşkilat daxilində zamanla dəyişikliklərin baş verməsi tamamilə normaldır. Beş il əvvəlki kimi hər şeyin eyni qalmasını gözləmək real deyil. Kristian Horner və Helmut Marko 2005-ci ildən bəri, yəni iyirmi ildən artıq müddət ərzində birlikdə böyük uğurlara imza atıblar və bu qədər uzun müddət eyni idarəçi heyətin bir yerdə çalışdığı başqa böyük idman strukturu tapmaq çətindir.
Mintslaff əlavə edib ki, bu gün hər iki şəxsin komandadan ayrılmasını mənfi hadisə kimi qiymətləndirmək olar, lakin əslində unikal olan məqam onların bu qədər uzun müddət birlikdə qalaraq bu səviyyədə uğur qazanmasıdır. Bəzən tək bir dəyişiklik belə bütün sistemi yenidən hərəkətə gətirə bilər.




Şərh əlavə et