Xəbəri Kokpitdə Oxuyun!

Haas-da Toyota-nın sürücüsü çıxış edəcək?

Haas F1 ilə Toyota Gazoo Racing arasında əməkdaşlıq getdikcə daha geniş miqyas alır və 2026-cı ildən etibarən Yapon korporiyasının avtoidman bölməsi komandanın titul sponsoruna çevriləcək.

Toyota-nın digər yarış seriyalarında çıxış edən ən perspektivli və sürətli  pilotları arasında Formula 1-ə düşməyi arzulayanların olması təəccüblü deyil. Onlardan biri də artıq bir neçə dəfə Haas maşınlarını testlərdə və sərbəst yürüşlərdə idarə etmiş Rio Hirakavadır.

Ayо Komatsudan Toyota ilə aparılan danışıqlarda yapon pilotlardan hansınınsa Haas-ın əsas heyətinə cəlb olunması mövzusunun müzakirə edilib-edilmədiyi soruşulub və amerikalı komandanın rəhbəri bunu təsdiqləyib: “Bəli, əlbəttə. Toyota-nın qarşısında çoxlu vəzifələr var və onlardan biri də kadr hazırlığıdır, o cümlədən söhbət pilotlardan gedir.

Amma burada əsas meyar nəticələrdir. Maşınımıza əyləşən hər kəs trasda nəticə göstərmək baxımından ən doğru seçim olmalıdır. Bununla hamı razıdır, hətta Toyota Motor Corporation-un prezidenti Akio Toyoda da. O, istəsə belə, bunun Toyota akademiyasından olan yapon pilot olmasını arzulasa belə…

Əgər kifayət qədər güclü olmayan bir pilotu seçsək, bu, ciddi yanaşma olmazdı. Onda dərhal söz-söhbətlər başlayardı ki, Toyota sadəcə pul qarşılığında komandada yer alır. Akio-san belə iş görmür, biz də etmirik. Biz həmişə nəticə göstərə bilənləri seçirik”.

Toyota-nın zavod pilotları müxtəlif kateqoriyalarda – WEC, Yaponiyanın Super Formula seriyası və **ralli üzrə dünya çempionatı (WRC)**nda çıxış edirlər. Yeri gəlmişkən, 25 yaşlı finlandiyalı WRC-nin ikiqat dünya çempionu Kalle Rovanperä məhz Toyota-nın dəstəyi ilə əvvəlcə Super Formula-da özünü sınamağa hazırlaşır. Sonrakı mərhələdə isə hədəf Formula 2-dir və bundan sonrası yalnız onun trasdakı nəticələrindən asılı olacaq.

Bununla yanaşı, Komatsu Yapon korporiyasının gələcəkdə Haas F1 üzərində tam nəzarət əldə etmək niyyətində olması barədə iddiaları təkzib edib. Onun sözlərinə görə, bu tərəfdaşlığın əsas məqsədi yarışçı və mühəndis kadrların hazırlanmasıdır.

Rauf Hacıyev

Şərh əlavə et