Dekabr ayında keçirilən FIA-nın Beynəlxalq Şurasındakı iclasda təsdiqlənmiş idman reqlamentinin son layihəsinə görə komandaların stüardların qərarlarına qarşı rəsmi etiraz və ya apellyasiya təqdim etməsi üçün tələb olunan ödənişlərin artırılması ilə bağlı yeniliklər olub
Bu tədbirin əsası ötən ilin iyul ayında baş tutmuş Formula 1 Komissiyasının iclasında qoyulub. Məsələ son iki il ərzində padokda ciddi müzakirələrə səbəb olan bir neçə hadisədən sonra ilk dəfə gündəmə gətirilib. Bir sıra yarışlarda təqdim olunan etirazlar nəticəsində finiş nəticələrinin rəsmiləşdirilməsi gecikib.
Həmin dövrdə Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali və FIA-nın təkoturacaqlı avtomobillər üzrə direktoru Nikolas Tombazisin rəhbərlik etdiyi komissiya pilotlar və komandalar tərəfindən edilən etirazlarla bağlı sistemin daha sərt formaya salınması ehtimalını dəyərləndirib.
Müzakirələrin əsas səbəbi 2025-ci il mövsümünün ilk hissəsində Red Bull Racing tərəfindən təqdim edilmiş çoxsaylı etirazlar olub. Kristian Hornerin rəhbərlik etdiyi Milton Kins mərkəzli komanda Corc Rassellə qarşı iki rəsmi etiraz irəli sürüb. Birinci etiraz Mayami Qran Prisində sarı bayraqlar altında kifayət qədər yavaşlamadığı iddiası ilə, ikinci etiraz isə Kanada Qran Prisində təhlükəsizlik avtomobili arxasında minimum məsafəyə əməl etmədiyi və kəskin əyləc etdiyi, bunun nəticəsində Maks Ferstappenin onu keçdiyi iddiası ilə bağlı olub. Hər iki halda FIA Red Bull-un etirazlarını rədd edib.
Bu hadisələr yarışlardan sonra saatlarla davam edən qeyri-müəyyənlik səbəbindən digər komandalar arasında narazılıq yaradıb. Nəticədə əsaslandırılmamış etirazların qarşısını ala biləcək daha sərt mexanizmin tətbiqi ilə bağlı çağırışlar güclənib.
Dekabr ayında təsdiqlənmiş layihədə rəsmi etiraz təqdim etmək üçün tələb olunan ödənişdə ciddi artım nəzərdə tutub. Məqsəd prosesi maliyyə baxımından daha çətin hala gətirərək etiraz sistemindən taktiki alət kimi istifadənin qarşısını almaq olub. Qeyd edilib ki, etiraz qəbul olunduğu halda ödəniş komandaya geri qaytarılacaq.
Eyni zamanda etirazlar üçün ödənilən məbləğin büdcə limiti çərçivəsinə daxil olduğu və komandaların bu cür riskləri artıq maliyyə planlamalarında nəzərə aldığı da vurğulanıb.
Etiraz haqlarının artırılması ilə yanaşı, dekabrda təsdiqlənmiş layihədə rəqib avtomobillərə yönəlik texniki yoxlamalarla bağlı ödənişlərin də yüksəldilməsi əksini tapıb. Bu çərçivədə yenidən baxılma üçün tələb olunan məbləğ hər müraciət üzrə 20 min avroya qaldırılıb.




Şərh əlavə et