Xəbəri Kokpitdə Oxuyun!

Şumaxerin qəzasından 12 il keçir

2013-cü il 29 dekabrında, təxminən saat 11 radələrində Fransanın Alp dağlarında yerləşən Meribel dağ-xizək kurortunda Mixael Şumaxer faciəvi hadisənin qurbanı olmuşdu və ağır kəllə-beyin travması almışdı. Həmin vaxt yeddiqat dünya çempionunun 44 yaşı var idi.

Sonrakı hadisələrin xronologiyası hamıya məlumdur, lakin Solir dağının yamacında baş verən o insidentdən 4383 gün keçməsinə baxmayaraq, bu gün Mixael Şumaxerin real səhhət durumu barədə həqiqəti yalnız ailəsi və onların etibar etdiyi çox az sayda insan bilir.

Ailənin susmaq və məlumat sızmasının qarşısını almaq üçün tam hüququ var, ancaq bu vəziyyət illərdir saysız-hesabsız şayiələrə yol açıb. Son 12 il ərzində cinayət xarakterli hadisələr də baş verib və bu hallar bu günə qədər davam edir. Çünki bəzi vicdansız insanlar Mixael Şumaxerin ailəsinin yaşadığı faciədən maddi qazanc əldə etməyə çalışıblar. Lakin hazırda bu mövzunun üzərində dayanmaq yəqin ki, yerinə düşmür.

Belə olan halda illər boyu Şumaxerin meneceri olmuş, daha sonra isə oğlu Mikin karyerasına nəzarət etmiş Sabine Kemin sözlərini xatırlatmaq kifayətdir: “Ailə üçün əsas problem budur: etibarla etibarsızlıq arasında sərhədi harada çəkmək lazımdır?”

Ümid işartılarını isə ən çox Şumaxer ailəsinin yaxın dostu, Ferrari komandasının sabiq rəhbəri və FIA-nın keçmiş prezidenti Jan Todtun sözlərində tapmaq olar. O, bir neçə il əvvəl Almaniya televiziyasına müsahibəsində demişdi: “Mən Mixael üçün darıxmıram, çünki onu görə bilirəm. Ancaq əlbəttə ki, keçmişdə birlikdə gördüyümüz işlər üçün darıxıram. O, hazırda Formula 1-də baş verənlərdən xəbərdardır. Yarışları Mixaellə birlikdə izləyirəm, bu doğrudur…”

Mixaelin həyat yoldaşı Korinna Şumaxer yeddiqat dünya çempionunu ziyarət edə bilən insanların sayını ciddi şəkildə məhdudlaşdırıb. Bild nəşrinin məlumatına görə, hazırda “daxili dairə”yə Korinnanın özü, Mixaelin övladları Mik və Gina-Mariya, Sabine Kem, Jan Todt, Ross Braun, Gerhard Berger, Luka Badoer və Felipe Massa daxildir. Digər şəxslərin Mixael Şumaxeri ziyarət etməsinə icazə verilmir.

Sonda isə Şumaxer ailəsinin 2017-ci ildə yaratdığı Keep Fighting fondunun adında yer alan sözləri xatırlatmaq yerinə düşür: “Mübarizəni davam etdir!”

Rauf Hacıyev

Şərh əlavə et