Xəbəri Kokpitdə Oxuyun!

Kimi Rəykkönenin yağışla imtahanı

Endi Uilman əfsanəvi şəxsiyyət sayılır və bu cür yüksək epiteti şişirtmə saymaq olmaz. Çünki məhz Uilman Top Gear avtomobil proqramının ən parlaq dövrlərində Ceremi Klarksonla bu layihə üzərində çalışıb. Daha sonra isə eyni şən üçlük – Klarkson, Riçard Hammond və Ceyms Mey ilə birlikdə böyük səs-küy doğurmuş The Grand Tour layihəsini yaradıb. Hazırda isə Ceremi Klarksonla birgə çox populyar olan “Klarksonun ferması” verilişinin artıq bir neçə mövsümünü çəkir.

Bununla belə, Uilman heç vaxt kameralar qarşısına çıxmayıb, hərçənd onun adı proqramlarda mütəmadi səslənib. İndi isə o, Midweek F1 podkastında qonaq olub və maraqlı mövzular barədə danışıb. Formula 1-ə ikiillik fasilədən sonra Lotus ilə qayıdan Kimi Rəykkönenlə yaşadığı maraqlı bir hadisəni də xatırlayıb.

Bir vaxtlar finlandiyalı sürücü Top Gear verilişinə dəvət olunub və tapşırıqlardan biri onun Suzuki Liana ilə trasda dövrə vuraraq,  büdcə sinfinə aid seriyalı sedanın sükanı arxasında belə nəyə qadir olduğunu göstərməsi olub.

Həmin gün hava şəraiti heç də yaxşı olmayıb. Belə ki, yağışlı hava trası tamamilə isladıb və Kimi yaş döngələrdə özünü yormaq istəməyib. Bir neçə dubldan sonra o, artıq kifayət etdiyini deyərək, motorhoumuna çəkilib.

Çəkilmiş material Endi Uilmanı qane etməyib və o, Kimini yenidən trasa qayıtmaq üçün razı salmağa çalışıb. Arqumentlərdən biri də havanın tədricən yaxşılaşması olub.

Uilman sonradan belə xatırlayıb: “Kimi aqressiv və ya kobud davranmadı, sadəcə yağışda sürməkdən xoşu gəlmirdi. Amma hava yavaş-yavaş açılırdı və mən onun yanına gedib dedim ki, tras qurumağa başlayır.

Kimi kresloda tam rahat vəziyyətdə oturmuşdu. Ona dedim: ‘Bilirsən, indi tras bir az quruyub. Dövrə vaxtını deyə bilmərəm, amma o qədər də yaxşı deyil. Biz bilirik ki, sən daha sürətli gedə bilərsən’.

O isə qısa cavab verdi: ‘Yox, gedə bilmərəm’”.

Uilman təslim olmayıb və onu yenidən razı salmağa çalışıb: “Kimi, pəncərədən baxsan, özün də görərsən ki, tras doğrudan da quruyur”.

Rəykkönen istəksiz şəkildə ayağa qalxıb, pəncərədən baxıb və qəti şəkildə deyib: “Yox, qurumur”.

Məhz həmin anda prodüserin səbir kasası dolub və o, emosiyalarına hakim ola bilməyərək Kimi ilə kifayət qədər sərt danışıb. Uilman sözlərinə görə dərhal peşman olub, lakin maraqlısı odur ki, bu yanaşma effekt verib. Kimi yenidən trasa çıxmağa razılaşıb, bir neçə dövrə vurub və vaxtını az da olsa yaxşılaşdırıb.

Düzdür, günəş buludların arasından görünsə də, tras hələ də yaş olub və bu şəraitdə Kimi proqramın bütün ulduz qonaqları arasında cəmi 12-ci nəticəni göstərə bilib. Lakin buna baxmayaraq, onun əhvalı əvvəlkinə nisbətən xeyli yaxşılaşıb.

Rauf Hacıyev

Şərh əlavə et