Ferrari 2025-ci il Formula 1 mövsümündə ciddi tənqidlərin hədəfinə çevrilib. Komandanın zəif performansı təkcə azarkeşlərlə deyil, pilotlarla rəhbərlik arasında da gərginliyə səbəb olub. Mövsüm ərzində avtomobilin performansından narazılıq edən Lyuis Həmilton və Şarl Leklerin açıqlamaları geniş müzakirələrə yol açıb. Bu fonda Ferrari-nin prezidenti Con Elkann pilotlara ünvanlanan sərt mövqeyi ilə diqqət çəkib.
Ferrari-nin ən uğurlu dövründə Mixael Şumaxerlə birlikdə çalışmış təcrübəli mühəndis Luici Mazzola Elkannın “daha az danışıb sürüşə fokuslanmaq lazımdır” məzmunlu fikirlərinə açıq şəkildə etiraz edib.
Mazzola komanda daxili məsələlərin mətbuat vasitəsilə müzakirə edilməsinin düzgün olmadığını vurğulayıb: “Çirkli paltarlar evdə yuyulmalıdır. Belə açıqlamalar ictimaiyyət qarşısında verildikdə, istər-istəməz konkret şəxslər hədəfə çevrilir. Adətən bu cür çıxışlar sonrakı addımlar üçün zəmin yaradır”.
Təcrübəli mütəxəssis daha sonra Con Elkannın Formula 1 biliyini də tənqid edib: “Onun Formula 1 təcrübəsi mənim iqtisadiyyat biliklərim qədərdir — yəni demək olar ki, yoxdur. Belə bir vəziyyətdə Formula 1 barədə danışmaq əvəzinə, Ferrari-nin bu il qazandığı digər uğurları ön plana çıxarmaq daha məqsədəuyğun olardı”.




Şərh əlavə et