Xəbəri Kokpitdə Oxuyun!

Motorla bağlı hekayələr bitmir

Mercedes və Red Bull-un güc qurğuları ilə bağlı hekayə davam edir. Avropa mətbuatı yazır ki, qarşıdakı həftələrdə FIA mühərrik istehsalçıları ilə birlikdə bir sıra əlavə görüşlər keçirəcək və bu müzakirələrdə hamını qane edə biləcək mümkün həll yolu tapılmağa çalışılacaq.

FIA-nın Mercedes və Red Bull-la bağlı hər hansı iradı olmadığı və bu istehsalçıların yeni mühərriklərinin 2026-cı ilin texniki reqlamentinə uyğun hesab edildiyi nəzərə alınsa, kompromis qərarın alınması halında digər motorçulara geri qalmış fərqi kompensasiya etməyə imkan verə biləcəyi istisna edilmir.

Təbii ki, yaranmış vəziyyət bir çox ekspertin diqqətini cəlb edib. Xüsusilə ispan analitik Alberto Fabreqa videobloqunun son buraxılışında Mercedes mühərriklərinin konstruktiv xüsusiyyətlərinin təkcə güc baxımından deyil, başqa üstünlüklər də təmin edə bildiyini vurğulayıb.

Əlavə üstünlük ondan ibarətdir ki, sıxılma dərəcəsi 16:1-dən 18:1-ə qaldırıldıqda yanacaq qarışığının daha homogen yanması təmin olunur. Bu isə güc qurğusunun səmərəliliyinə birbaşa təsir göstərən ən vacib amillərdən biri sayılır. Effektivliyin rəqiblərin məhsulları ilə müqayisədə daha yüksək olması batareyanın yarış zamanı daha səmərəli doldurulmasına imkan yaradır və məhz bu faktor əsas üstünlüyə çevrilə bilər.

Fabreqa dövrə başına 0,3 saniyəlik üstünlükdən danışmağın düzgün olmadığını düşünür və bu cür rəqəmləri açıq-aşkar şişirdilmiş hesab edir. Bununla belə, o qeyd edib ki, söhbət yalnız mühərriklərlə bağlı reqlamentin bir “boz zonasından” gedir, halbuki yeni nəsil avtomobillərin hazırlanması zamanı mühəndislər aerodinamika da daxil olmaqla digər sahələrdə də əlavə hiylələr tapa biliblər.

ESPN ilə əməkdaşlıq edən ispan ekspert yekunda bildirib ki, “bizi saysız-hesabsız texniki qaydaların pozulacağı bir il gözləyir”.

Rauf Hacıyev

Şərh əlavə et