Xəbəri Kokpitdə Oxuyun!

Cadillac yarış mühəndislərini seçib

Cadillac komandası Formula 1-dəki debüt yarışından əvvəl daha bir vacib addım atıb. Debütə təxminən iki ay yarım qalmış amerikalı komanda Valtteri Bottas və Serxio Peresin yarış mühəndislərinin, eləcə də baş yarış mühəndisinin adlarını açıqlayıb.

Amerikan komandasının baş yarış mühəndisi vəzifəsinə Şarl Leklerin keçmiş yarış mühəndisi Çavi Markos təyin olunub. İspaniyalı mütəxəssis 2019-cu ildən Ferrari-də Leklerlə çalışıb, lakin 2024-cü ildə İmola mərhələsi ərəfəsində onun yerinə Brayan Bozzi təyinat alıb. Ferrari-yə keçməzdən əvvəl Markos Formula 1-də HRT və Williams komandalarında mühəndis kimi fəaliyyət göstərib.

2025-ci ilin əvvəlində Markos Cadillac-ın dözümlülük yarışları üzrə texniki direktoru vəzifəsini icra edib və IMSA seriyasında GTP, həmçinin FIA WEC çempionatında Hypercar sinfi üzrə layihələrə cavabdeh olub.

Valtteri Bottasın yarış mühəndisi Con Hovard olub. O, Enstounda yerləşən komandada (Lotus / Renault / Alpine) 15 il çalışıb və 2025-ci ilin aprelində komandadan ayrılanadək Pyer Qaslinin yarış mühəndisi kimi fəaliyyət göstərib.

Serxio Peresin yarış mühəndisi isə Karlo Pasetti seçilib. Pasetti Cadillac ilə müqavilə imzalamazdan əvvəl  Aston Martin komandasında performans mühəndisi kimi çalışıb.

Rauf Hacıyev

Şərh əlavə et