Təxminən üç gün əvvəl Mercedes və Red Bull-un 2026-cı il güc qurğularında mövcud texniki boşluğu üstünlüyə çevirdiyinə dair məlumatlar mediaya sızıb. Həmin vaxtdan bəri nə komandalar, nə də FIA tərəfindən açıq təkzib verilib. Əksinə, FIA-nın məsələni yaxından izlədiyinə dair siqnallar artıb.
2026-cı il reqlamentlərinə əsasən, daxiliyanma mühərriklərində silindrlərin sıxılma nisbəti maksimum 16:1 nisbəti ilə məhdudlaşdırılıb. Lakin FIA-nın yoxlamaları soyuq mühərrik üzərində aparılır. İddialara görə, Mercedes və Red Bull bu testlər zamanı limitə əməl edib, mühərrik iş temperaturuna çatdıqda isə termal genişlənmədən yararlanaraq real istifadədə sıxılma nisbətini 18:1 səviyyəsinə yaxınlaşdırıb.
Corriere dello Sportun bugünkü xəbərində pərdəarxası proseslərin daha da diqqətçəkən olduğu bildirilib. Qəzet yazıb ki, təxminən 7 ay əvvəl Mercedes-dən Red Bull Powertrains-ə keçən bir mühəndis bu texniki həlli Red Bull-a ötürüb və Milton Kins mərkəzli komanda da sistemi kopiyalamağa çalışıb.
Lakin əsas fərq də məhz burada ortaya çıxıb. İddiaya görə, Mercedes bu sistem üzərində təxminən bir ildir işləməsinə baxmayaraq, real istifadədə sıxılma nisbəti həqiqətən 16:1 limitinə uyğun olan mühərriyi hələ də trasa çıxara bilməyib. Red Bull-un isə bu mövzuda daha çevik mövqedə olduğu irəli sürülüb.
Məsələ təkcə Mercedes-in baza komandasını əhatə etməyib. Mercedes mühərriyi ilə yarışan bütün komandalar potensial risk altına düşüblər. Hazırkı dünya çempionu McLaren, eləcə də Williams və Alpine də bu böhranın bir hissəsinə çevrilib.
Qəzetin məlumatına görə, cümə axşamı FIA-nın qərargahında ümumi iclas keçirilib. Toplantıda başda Ferrari və Honda olmaqla digər istehsalçıların ciddi etiraz etdiyi, Red Bull Racing və Audi-nin isə məsələnin aydınlaşdırılması üçün FIA-ya təzyiq göstərdiyi bildirilib.
Bu vəziyyət FIA-nı son dərəcə çətin seçim qarşısında qoyub. Federasiya ya Mercedes-in istifadə etdiyi sistemi qadağan etməli və bununla da dörd komandanın dünya çempionatında iştirak edə bilməməsi riskini qəbul etməli ya da sistemi təsdiqləməli və nəticədə etirazlar, protestlər və mümkün diskvalifikasiyalarla dolu xaotik prosesə yol açmalı olub.
Məhz bu səbəbdən pərdə arxasında kompromis variant üzərində işlənildiyi iddia edilib. Sözügedən formulaya əsasən, Mercedes mühərriyi istifadə edən komandaların 2026-cı il mövsümündə reqlamentdən kənar güc qurğusu ilə yarışmasına icazə verilməsi, lakin 2027-ci ildən etibarən qaydalara tam uyğunluqla bağlı rəsmi zəmanət təqdim olunması gündəmə gəlib.




Şərh əlavə et