Avstriyanın Motorsport-Magazin nəşri yazıb ki, Ferrari, Audi və Honda mümkün bir “texniki fənd”lə bağlı FIA-ya müraciət ediblər. İddialara görə, bu yanaşmadan Mercedes High Performance Powertrains və Red Bull Powertrains istifadə ediblər.
2026-cı il üçün qüvvədə olan texniki reqlamentdə daxili yanma mühərrikində sıxılma dərəcəsinin 16:1 ilə məhdudlaşdırıldığı göstərilib. Rəqiblər isə hesab edirlər ki, Mercedes və Red Bull reqlamentdəki “boz zonadan” yararlanaraq bu göstəricini 2025-ci ildəki 18:1 səviyyəsinə qaytara biliblər, bu isə mühərrikin gücünü artırıb.
Məlumata görə, belə bir texniki həll təxminən 15 at gücü qazandırıb və bu üstünlük Melburn trasında bir dövrə ərzində 0,3–0,4 saniyəlik fərq yarada bilər.
FIA-nın mövcud prosedurlarına əsasən, sıxılma dərəcəsi statik şəkildə və ətraf mühit temperaturunda ölçülür. “Fəndin” dəqiq işləmə mexanizmi açıqlanmasa da, ehtimal edilir ki, daha yüksək daxili temperatur mühərrik komponentlərinin genişlənməsinə, silindr həcminin artmasına və nəticədə sıxılma dərəcəsinin faktiki olaraq 18:1-ə yaxınlaşmasına səbəb olur.
Motorsport-Magazinin məlumatına görə, FIA vəziyyətdən xəbərdardır və “ədalət və aydınlığı təmin etmək üçün bu kimi məsələləri daim nəzərdən keçirir”, federasiya ilə güc qurğusu istehsalçıları arasında əlavə müzakirələrin planlaşdırıldığı bildirilib.




Şərh əlavə et