Xəbəri Kokpitdə Oxuyun!

Lando Norris üçüncü olub

Son Dünya Çempionu Lando Norris Britaniyada İlin İdmançısı Nominasiyasında üçüncü olub.

Cümə gününə keçən gecə Böyük Britaniyanın Solford şəhərində BBC Sport tərəfindən təşkil olunan təntənəli mərasim keçirilib və geridə qalan ilin ən yaxşı idmançıları mükafatlandırılıb. “İlin idmançısı” adına namizədlər arasında Formula 1 üzrə Dünya Çempionu Lando Norris də yer alıb, lakin səsvermənin yekununa əsasən o, üçüncü yeri tutub.

Nominasiyanın qalibi qolfçu Rori Makilroy olub, ikinci yerə isə reqbiçi Elli Kildann layiq görülüb.

Lando Norris bu mükafatı qazansaydı, Ceki Stüart, Naycel Mensell, Deymon Hill və Lyuis Həmiltondan sonra “İlin idmançısı” seçilən beşinci britaniyalı Formula 1 çempionu olacaqdı. Formula 1 tarixində bu ada ilk dəfə 1961-ci ildə beşqat dünya çempionatının vitse-çempionu Stirlinq Moss layiq görülüb.

Maraqlı məqam ondan ibarətdir ki, 1964-cü ilin Formula 1 çempionu Con Sörtis də bu mükafatı 1959-cu ildə, motosiklet yarışlarındakı tituluna görə qazanıb.

Rauf Hacıyev

Şərh əlavə et