Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Horner yalançı idi

Helmut Marko Red Bull daxilində yaşanan güc mübarizəsində Kristian Horneri yalan məlumat yaymaqda ittiham edib və bildirib ki, o, daha tez ayrılsaydı, Maks Ferstappen 2025-ci ildə Dünya Çempionluğunu qazana bilərdi.

Red Bull-un uzun illərdir əsas simalarından olan Kristian Horner ilə komandanın avstriyalı məsləhətçisi Helmut Marko arasında davam edən gərginlik, hər iki tərəfin 2026-cı il mövsümü ərəfəsində şirkətdən ayrılması ilə nəticələnib.

Helmut Marko verdiyi müsahibədə son illərdə Red Bull komandasının daxilində baş verən proseslərə aydınlıq gətirib və komanda rəhbərliyinə yönəlik ciddi ittihamlar səsləndirib.

Markonun sözlərinə görə, komandadakı problemlər 2023-cü il mövsümündən sonra kəskin şəkildə dərinləşib və bu vəziyyət şirkət daxilində ciddi qarşıdurmaya səbəb olub. Nəticədə yalnız idarəetmə səviyyəsində deyil, texniki və mühəndis heyətində də mühüm itkilər yaşanıb.

Avstriyalı funksioner yaranmış vəziyyətin əsas məsuliyyətinin Kristian Hornerə aid olduğunu deyib: “Hornerlə mübarizəni mən qazanmışammı? Xeyr. Biz tras üzərində performans baxımından geridə idik və dəyişikliklərə ehtiyac var idi.

Əgər bu addımlar daha tez atılsaydı, mövsümün gedişi erkən mərhələdə dəyişərdi və Maks Dünya Çempionu olardı. Buna tam əminəm. Hornerlə keçən son illər olduqca çətin idi. Bir sıra xoşagəlməz üsullardan istifadə olundu”.

Marko, Hornerin onu məqsədli şəkildə çətin vəziyyətə salmağa çalışdığını da iddia edib.

Xüsusilə Serxio Pereslə bağlı mətbuatda yayılan bəzi açıqlamaların ona aid olmadığını vurğulayıb.

Helmut Marko: “Guya mən ‘meksikalıların hollandlar və ya almanlar qədər diqqətli olmadığını demişəm. Bu, tamamilə əsassızdır. Eyni şəkildə, 2024-cü ildə mühərrik inkişafının geridə qaldığı və Fordla əməkdaşlığın risk altında olduğu barədə açıqlama verdiyim də doğru deyil.

Mən belə fikir səsləndirməmişəm. Lakin Horner bu iddialardan məni vəzifədən uzaqlaşdırmaq üçün istifadə etməyə çalışıb. Maksın Ciddədə müdaxilə etməsi sayəsində bu baş verməyib.

Hornerin bəzi məsələlərdə həqiqətə uyğun olmayan məlumatlar yaydığını sübut etmişik. Şirkətin əsas səhmdarlarından olan Çalerm Yuvidya da bunu anladıqdan sonra vəziyyət dəyişib”.

Markonun açıqlamaları Red Bull-un son illərdə yaşadığı daxili böhranın miqyasını ortaya qoyub və Ferstappenin bu prosesdə Markoya daha yaxın mövqe tutduğunu göstərib.

Rauf Hacıyev

Şərh əlavə et