Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen yeni nömrə seçib

Formula 1 üzrə dördqat Dünya Çempionu Maks Ferstappen yeni nömrə seçib.

Niderlandlı sürücü Las-Veqasda keçirilən mətbuat konfransı zamanı yarış nömrəsini dəyişməyə hazır olduğunu demişdi və artıq yekun qərarını verib. O, 3 nömrə ilə çıxış edəcək.

Maks Ferstappen: “Yeni nömrəm çempionluqdan əvvəl istifadə etdiyim #33 olmayacaq. Mənim həmişə xoşladığım nömrə üç olub və məhz bu nömrə ilə çıxış edəcəyəm.

33 pis deyildi, amma iki üçdənsə bir üçü üstün tuturam. Həmişə demişəm ki, bu, ikiqat xoşbəxtliyi simvolizə edir, amma Formula 1-də onsuz da kifayət qədər şanslı olmuşam”.

Qeyd edək ki, əvvəllər #3 nömrəsi altında Daniel Rikkardo yarışıb. Qaydalara əsasən, Ferstappen bu nömrənin boşalması üçün iki tam mövsüm gözləməli idi. Lakin FIA təsdiqləyib ki, əgər əvvəlki sahib nömrədən könüllü imtina edərsə, sürücü onu daha tez əldə edə bilər. Rikkardo da 2026-cı ildən etibarən #3 nömrəsinin Ferstappen tərəfindən istifadəsinə razılıq verib.

Bu qərarı təsdiqləyən daha bir detal isə yaxınlarda Ferstappenin Eştorildə GT3 avtomobili ilə testlər zamanı boksunun üzərində #3 nömrəsi ilə görülməsi olub.

Rauf Hacıyev

Şərh əlavə et