Xəbərdə bildirilib ki, Markonun müqaviləsi 2026-cı ilin sonunadək qüvvədə olsa da, o, 2025-ci il mövsümünün sonunda komandadan ayrılacaq. Buna görə də Red Bull şirkəti 82 yaşlı avstriyalı mütəxəssisə 2026-cı ilə aid maaşının tam olaraq ödəməyə razılaşıb. Sözügedən məbləğin təxminən 10 milyon avro olduğu qeyd olunub.
Helmut Marko 2005-ci ildə komandanın yaradılmasından bəri Red Bull-un tərkibində fəaliyyət göstərib. O, avtoidmandakı təxminən 60 illik karyerasının ardından Milton Kins mərkəzli komandadakı vəzifəsindən ayrılmaq qərarı verib. Bu addım mövcud müqaviləsinin bitməsinə bir il qalmış atılıb.
Məlumata görə, ayrılıq qərarı birbaşa Markonun özünə məxsus olub və ediləcək ödəniş onun illər ərzində komandaya verdiyi töhfələrə görə bir təşəkkür jesti kimi qiymətləndirilib.
Ayrılığın rəsmən açıqlanmasından sonra Red Bull-un yaydığı mətbuat bəyanatında Marko bunları deyib: “60 ildir avtoidmandayan və Red Bull-da keçirdiyim son 20 illik dövr qeyri-adi və son dərəcə uğurlu oldu.
Bu qədər istedadlı insanla birlikdə işləmək, nələrsə qurmaq və paylaşmaq mənim üçün böyük bir şans idi. Birlikdə inşa etdiklərimiz və əldə etdiyimiz nailiyyətlər mənə böyük qürur hissi yaşadıb.
Bu mövsüm dünya çempionluğunu çox cüzi fərqlə əldən verməyimiz məni dərindən təsirləndirib və şəxsi olaraq bu uzun, gərgin və uğurlu mərhələni başa vurmaq üçün indi doğru zaman olduğunu açıq şəkildə göstərib.
Bundan sonrakı dövrdə bütün komandaya uğurlar arzulayıram və gələn mövsüm hər iki dünya çempionluğu uğrunda yenidən mübarizə aparacaqlarına inanıram”.




Şərh əlavə et