Xəbəri Kokpitdə Oxuyun!

McLaren diskvalifikasiyanın səbəblərini açıqlayıb

McLaren komandasının Las Veqas yarışından diskvalifikasiya olunmasının səbəbi dalğaıanma problemi olub.

Veqas yarışından sonra McLaren-in hər iki pilotu texniki reqlamenti pozduqlarına görə diskvalifikasiya olunub, çünki bolidin nəzarət lövhəsinin aşınması icazə verilən həddi keçib. Qətər mərhələsi ərəfəsində komanda rəhbəri Andrea Stella bunun səbəbləri barədə danışıb.

Andrea Stella: “Nəzarət lövhəsinin həddən artıq aşınmasının birbaşa səbəbi gözlənilmədən yaranan güclü dalğalanma (sıçrayış effekti) oldu. Bu, boliddə böyük şaquli vibrasiyalara səbəb olmuşdu. Yarış zamanı maşının işlədiyi şərtlər bu problemi daha da kəskinləşdirmişdi və bu hal bizim üçün tam gözlənilməz idi. Məşq sessiyalarından sonra yarışda belə bir effekt olacağını gözləmirdik.

Məşqlərdə əldə etdiyimiz məlumatlara əsaslanaraq, klirensin (yer boşluğunun) azaldılması baxımından həddən artıq riskə getdiyimizi düşünmürük. Əksinə, kvalifikasiya və yarış üçün onu bir qədər artıraraq, kifayət qədər möhkəmlik ehtiyatı yaratmışdıq. Lakin bu ehtiyat gözlənilmədən yaranan böyük şaquli dalğalanmalar səbəbindən sıfırlanmışdı və bolid yerə toxunmağa başlamışdı”.

Stella sözlərinə davam edib: “Yarış zamanı dalğalanmanı yumşaltmaq çətin idi, çünki nəzəri olaraq klirensi artırmalı olan sürətin azaldılması yalnız trasın bəzi hissələrində işə yarayırdı, digər hissələrdə isə əks-təsir göstərib, vəziyyəti pisləşdirirdi

İlk dövrələrdən məlum olmuşdu ki, bolidin gözlənilməz dərəcədə güclü vibrasiyası narahatlıq yaradacaq. Telemetriya vasitəsilə Lando Norrisin maşınını vəziyyətə uyğun daha yaxşı idarə edə bilirdik, lakin Oskar Piastrinin bolidində bir sensor siqnalını itirdikdən sonra bu, daha da çətinləşdi

Tezliklə anladıq ki, bu səviyyədə dalğalanma təkərlərin də intensiv aşınmasına gətirib çıxarır. Məhz buna görə pilotlar trasın müxtəlif hissələrində problemi azaltmaq üçün tədbirlər görməyə başladılar. Təəssüf ki, həm maşının davranış xüsusiyyətləri, həm də trasın xarakteri səbəbindən bu tədbirlərin çoxu yetərincə effektiv olmadı”

Komanda rəhbəri yekunda vurğulayıb: “Veqasdakı bolidin iş diapazonu və trasın xüsusiyyətləri asfalta toxunma ilə müşayiət olunan güclü dalğalanmanın yaranması üçün münbit şərait yaratmışdı. Bizim bolid sazlamalarına dair yaxşı işlənmiş yanaşmamız var və əminik ki, bu, Qatar da daxil olmaqla digər traslarda oxşar problemin qarşısını almağa imkan verəcək, xüsusilə də Qatar mərhələsindən başlayaraq bu effekti təkrarlanmamağı təmin edəcək.

Las-Veqas həftəsonu bizə bolidin iş diapazonu və sıçrayış effektinin fəsadları barədə faydalı məlumatlar əldə etməyə şərait yaratmışdı”.

Rauf Hacıyev

Şərh əlavə et