Xəbəri Kokpitdə Oxuyun!

Madrid trası hazır olmayacaq?

Gələn mövsüm Formula 1 üzrə İspaniya Qran Prisinin Madriddə yeni salınan MadRing trasında keçirilməsi planlaşdırılırdı. Lakin paddokda yayılan məlumatlara görə, 2026-cı ilin sentyabr ayında Mardiddə yarışın baş tutub-tutmayacağı sual altına düşüb.

Liberty Media-dan sızan məlumata əsasən, trasın inşası qrafikdən ciddi şəkildə geri qalır və Formula 1 rəhbərliyi artıq mümkün alternativ variantları araşdırmağa başlayıb. Favorit namizədlərdən biri  Autodromo Enzo e Dino Ferrari trasıdır. Əgər dəyişiklik baş tutsa, sentyabrda İtaliya cəmi bir həftə arayla – Monza və İmola – ardıcıl iki Qran Priyə ev sahibliyi edəcək.

Fransanın RMC Motori nəşrinin jurnalistləri 20 noyabrda Madriddə tikinti meydançasını ziyarət edərək gecikmə ilə bağlı yayılan söz-söhbətlərin həqiqətə uyğun olduğunu öz gözləri ilə görüblər.

Onların reportajında belə deyilib: “Aeroport Baraxasın yaxınlığındakı tikinti meydançasında vəziyyəti özümüz yoxlamaq fürsətini istifadə etdik. Qarşımızda yalnız dayanmış ekskavatorlar, buldozerlər və heç bir irəliləyiş əlaməti görünməyən nəhəng bir ərazi vardı.

Birinci döngədən sərgi kompleksi sektoruna qədər uzanan hissə sadəcə qırmızı-ağ baryerlərlə işarələnib — bu baryerlər təmir tələb edən zonaları və gələcəkdə çəkiləcəyi deyilən giriş yollarının yerlərini göstərir.

Pit binası, yarışın idarəetmə binası və komandaların yerləşəcəyi tikililər isə hazırda tamamilə bataqlığa çevrilmiş vəziyyətdədir. Mövcud qrafikə əsasən, tras 2026-cı ilin iyununa qədər tam hazır olmalı idi.

Ərazidə təhlükəsizlik işçiləri və orada çalışan az sayda adamlarla danışmağa cəhd etdik, lakin eşitdiklərimiz vəziyyəti daha da qarışıq göstərib.

“Hansı tras? Burada sadəcə kran yığını, dayanmış maşınlar və torpaq təpələri görürsünüz… Heç nə yoxdur və ümumiyyətlə nəsə olub-olmayacağını bilmirik”, – sərgi mərkəzinin girişində bizə belə deyiblər”.

Reportajda qeyd olunub ki, tikintini kənardan izləyənlər mənzərəni tamamilə qeyri-müəyyən hesab etsələr də, rəsmi şəxslər hələ də qrafikin nəzarətdə qaldığını iddia edirlər.

Rauf Hacıyev

Şərh əlavə et