CrowdStrike-ın həmtəsisçisi və baş icraçı direktoru, həmçinin avtomobil idmanı həvəskarı Corc Kürts Mercedes-də Toto Volffun payının bir hissəsini satın alıb və komandanın texnoloji məsləhətçisi olub.
CrowdStrike uzun illərdir Mercedes-in tərəfdaşıdır, Corc Kürts isə FIA-nın bronz lisenziyasına sahib olan və LMP2 Pro-Am sinfində “Le Manın 24 saatı” yarışını qazanmış yarış həvəskarıdır.
Kürts Toto Volff tərəfindən idarə olunan və komandanın üçdə birinə sahib olan şirkətdə 15%-lik minoritar pay əldə edib. Bununla da o, Mercedes-Benz, INEOS və Toto Volffla yanaşı komandanın uzunmüddətli sahiblər qrupuna qoşulub.
Corc Kürts həmçinin komandanın strateji rəhbərliyinə daxil edilib. Bu rəhbərlikdə Mercedes-Benz Group AG-nin idarə heyətinin sədri Ola Kallenius, INEOS Group-un qurucusu və sədri ser Cim Ratkliff və Toto Volff yer alır. Toto Volff bütün icraedici səlahiyyətlərini icra etməkdə davam edib.
Corc Kurts: “Yarışlarda qələbə qazanmaq və kibertəhlükəsizliyi təmin etmək üçün sürət, dəqiqlik və innovasiya lazımdır. Burada hər millisaniyə, hər məlumat və hər icra vacibdir. Texnologiyalar bütün sahələrdə, o cümlədən avtosportda rəqabət üstünlüyünü və insan imkanlarını dəyişdirir. Komandanın inkişafını təhlükəsiz şəkildə sürətləndirməyə kömək etdiyim üçün məmnunam”.




Şərh əlavə et