Xəbəri Kokpitdə Oxuyun!

F.Massanı çətin proses gözləyir

Felipe Massanın FIA, Formula 1 və Berni Ekklstouna qarşı açdığı məhkəmə iddiası davam edə bilər, amma hakimin sözlərinə görə, braziliyalı pilotu çətin proses gözləyir.

London Kral Məhkəməsində keçirilən ilkin dinləmələrdən sonra hakim Robert Cey qərara gəlib ki, iş tam icraata keçə bilər, lakin bunun bir hissəsi artıq indidən çıxdaş olunub.

Hakim bildirib ki, Massanın FIA-nı “təhlükəsizliyin təmin edilməsi üçün araşdırma aparmağa borclu olmaqda” inandırmaq üçün müəyyən əsasları olub, ancaq bu öhdəlik “FIA üzvlərinə” aid edilib, “şəxsən cənab Massaya” yox. Buna görə də Massanın FIA-ya qarşı əsas iddialarından biri rədd edilib.

FIA-ya qarşı digər iddia isə Fransanın mülki qanunlarına əsaslanır və hakimin sözlərinə görə, o iddia da “çətinliklə ayaqda dayanır” – Cey Massaya ya “əlavə hüquqi məsləhətlər almağı, ya da bu iddiadan dərhal imtina etməyi” tövsiyə edib.

Ən maraqlı hissə isə Berni Ekklstouna qarşı irəli sürülən “cinayətkar sövdələşmə” iddiasının davamına icazə verilməsi olub. Bu iddianın davam etməsi üçün Massanın birbaşa müqavilə hüququna malik olması tələb olunmur.

Hakim hər iki tərəfin vəkillərinin “müddətin keçməsi” ilə bağlı arqumentlərini də qəbul etməyib. O bildirib ki, qanunla müəyyən edilən 6 illik limit qəzanın baş verdiyi tarixdən yox, Ekklstounun 2023-cü ilin martında verdiyi müsahibədən – faktların açıqlandığı andan hesablanır.

Hakim qərarında qeyd edib: “Cənab Massanın məhkəməyə sübut etməyə real imkanı var ki, 2023-cü ildə cənab Ekklstounun müsahibəsinədək onun iddia qaldırması üçün lazım olan faktlar yox idi.

Hətta cənab Massanın yerində olan bir ağıllı insan 2009-cu ilin sentyabrında Dünya Şurasının qərarı dərc olunandan sonra araşdırmanın aparılmamasını bilsə belə, cənab Ekklstoun və cənab Moslinin həqiqəti gizlətmək üçün sövdələşmə etdiyi nəticəsinə gəlmək o qədər də aşkar deyildi.

Üstəlik, cənab Massanın müddət məsələsini düzgün qiymətləndirmək üçün kifayət qədər məlumatı olmayıb. Müsahibə ona “nöqtələri birləşdirməyə” imkan verib”.

Hakim əlavə edib ki, proses davam edəcəyi halda Massanı çətin yol gözləyir: “Gələcək məhkəmə iclasları “asan gəzinti” olmayacaq. Cənab Massa səbəb-nəticə əlaqəsi ilə bağlı ciddi maneələri aşmalı olacaq.

Əgər işdə uğur qazansa, o, yalnız itirilmiş karyera imkanlarına görə kompensasiya ala bilər, lakin 2008-ci il dünya çempionatının nəticələrinin dəyişdirilməsini tələb edə bilməz”.

Rauf Hacıyev

Şərh əlavə et