Xəbəri Kokpitdə Oxuyun!

M.de Palo McLaren-in gənc proqramına qatılıb

McLaren Racing Matteo De Palonun gənc sürücülər proqramına qoşulduğunu açıqlayıb. Bununla yanaşı, Ugo Uqocukwu, Martinius Stenshorn və Brando Badoer ilin sonunda proqramdan ayrılacaqlar.

18 yaşlı Matteo 2016-cı ildə kartinq karyerasına başlayıb və WSK Super Master Series və FIA Karting Academy Trophy kimi gənclər çempionatlarında podium nəticələri əldə edib.

Romalı sürücü 2023-cü ildə İspaniya, İtaliya və Böyük Britaniya Formula 4 seriyalarında debüt edib. Bu mövsüm isə Trident Motorsport komandası ilə Formula Regional Europe (FRECA) seriyasında uğurla çıxış edib və dörd qələbə qazanmaqla yeddi dəfə podiuma yüksəlib. Onu qarşıda 2025 Makao Qran Prisi, 2026-cı ildə isə Formula 3 debütü gözləyir.

Alessandro Alunni Bravi, McLaren Racing-in kommersiya direktoru: “McLaren-in gənc sürücülər proqramı Matteonu qarşılamaqdan məmnundur. O, son illərdə böyük irəliləyiş göstərən, uyğunlaşma qabiliyyəti, sabitliyi və inkişaf tempiylə seçilən və gələcək vəd edən istedaddır. Biz onun həm trasda, həm də peşəkar karyerasının digər sahələrində inkişafını dəstəkləmək üçün səbirsizlənirik”.

Matteo De Palo: “McLaren-in gənc sürücülər proqramının bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. Komandanın istedad yetişdirməkdə zəngin təcrübəsi var və mən bu fürsət sayəsində pilot kimi hərtərəfli inkişaf edəcəyimə inanıram. Zekə, Alessandroya və bütün McLaren kollektivinə təşəkkür edirəm. Papaya rənglərində trasda olacağım anı səbirsizliklə gözləyirəm”.

Rauf Hacıyev

Şərh əlavə et