Çünki o, 2008-ci ilin payızında həm Sinqapur Qran Prisində, həm də mövsümün finalı olan Braziliyada olub.
“Bunu yazıram, çünki Felipe Massaya borcluyam,” – deyə Turini başlayır.
O xatırladır ki, Sinqapurda baş verənlər artıq çoxdan keçmişin hadisəsidir. 2008-ci ildə uşaq bağçasına gedənlər bu gün artıq iyirmi yaşlı gənclərdir və o dövrün hadisələrindən xəbərsiz olmaları təbiidir. Amma Turini kimi “köhnə məktəb” jurnalistlər üçün bu tarix hələ də canlıdır.
O, sual qoyur: “Dünya çempionluğunu əldən vermək, özü də teatr səhnəsini xatırladan bir şəkildə, nə qədərə dəyər?” Massa bu sualın cavabını 80 milyon dollarda görür. O, məhz bu məbləği 2008-ci ilin çempionatındakı nəticələrə görə günahkar saydıqlarından tələb edir.
2008-ci ildə Massa Ferrari-nin pilotu idi, lakin çempionluğu McLaren sürücüsü Lyuis Həmiltona cəmi bir xal fərqi ilə uduzmuşdu. Son pərdə Interlaqosda açılmışdı. Massa azarkeşlərinin qarşısında yarışı qazanmış, artıq çempionluğunu qeyd etməyə başlamışdı. Amma Həmilton son dövrədə Toyota-nın sürücüsü Timo Qloku keçərək lazımi xalı toplaya bilmişdi.
O vaxtdan bəri bəzi azarkeşlər Toyota-nın qəribə tempinə şübhə ilə yanaşırlar, amma bu barədə heç bir sübut yoxdur.
Hadisələrin kökü isə bir ay əvvələ – Sinqapur Qran Prisinə gedib çıxır. Həmin yarışda Massa lider idi, lakin Renault komandasın sürücüsü Nelson Pike qəza törətmiş, təhlükəsizlik avtomobili trasda görünmüşdü. Ferrari pit-stop zamanı səhv etmiş, Massa podium şansını itirmişdi. Bu vəziyyət dolayısı ilə onun çempionatdakı əsas rəqibi Həmiltonun xeyrinə olmuşdu.
Bir il sonra – 2009-cu ildə məlum olmuşdu ki, Pike qəzanı qəsdən törədibmiş. Bu qalmaqal Formula 1 tarixinin ən səs-küylü hadisələrindən birinə çevrilmişdi. Flavio Briatore və Pat Simonds idmandan uzaqlaşdırılmış, lakin Paris məhkəməsinin qərarı ilə ömürlük diskvalifikasiyadan xilas olmuşdular.
Hadisə artıq unudulmuş sayılırdı ki, 2023-cü ildə Berni Ekklstoun onun və FIA rəhbərliyinin hələ 2008-ci ildə bu “oyundan” xəbərdar olduğunu demişdi. Lakin Formula 1-in imicinə zərər gəlməməsi üçün Singapore Grand Prixin nəticələrini ləğv etməyiblərmiş. Əgər o yarışın nəticələri silinsəydi, 2008-ci ilin Dünya Çempionu Felipe Massa olacaqdı.
Ekklstoun sonradan dediklərindən imtina etsə də, Massa məhkəməyə müraciət edib. Onun məqsədi təkcə maddi təzminat deyil – o, ədalətin bərpa olunmasını istəyir. Massa Həmiltona qarşı heç bir iddia irəli sürmür, çünki onun bu qalmaqalda payı olmayıb. O, yalnız bunun rəsmi şəkildə etiraf edilməsini istəyir: “2008-ci ildə iki çempion olmalı idi – Massa və Həmilton”.
Turini isə şübhə edir ki, belə bir qərar veriləcək: “Ferrari bu prosesə qarışmamağı üstün tutub – bu da başadüşüləndir. Nəzərə almaq lazımdır ki, hazırda bu komanda üçün kim çıxış edir. Maraqlısı budur ki, Alonso da o illərdə Ferrari-də idi. Massa 2010-cu ildə ondan bircə şey istəmişdi: ‘İndi mənə o Sinqapurda baş verənlərin həqiqətini de!’”
Felipe isə hələ də o cavabı gözləyir.




Şərh əlavə et