Automechanika avtomobil sənayesi üzrə dünyanın ən böyük beynəlxalq sərgi brendlərindən biridir. Bu sərgilər müxtəlif ölkələrdə keçirilir və əsasən avtomobil hissələri, aksesuarlar, servis və texniki xidmət avadanlıqları sahəsində fəaliyyət göstərən şirkətləri bir araya gətirir.
Sərgidə adətən bu istiqamətlər nümayiş olunur:
-
Ehtiyat hissələri və komponentlər
-
Diaqnostika və servis texnologiyaları
-
Yenilənə bilən enerji və elektromobillər üçün həllər
-
Karoseriya, boya və bərpa texnologiyaları
-
Aksesuarlar və tuning məhsulları
İştirakçılar arasında həm istehsalçılar, həm də distribütorlar, texniki mütəxəssislər və avtoservis sahibləri olur. Burada yeni texnologiyalar təqdim edilir, tərəfdaşlıq əlaqələri qurulur və bazar trendləri müzakirə olunur.

Azərbaycan Avtomobil Federasiyasının Vitse-Prezidenti Fərid Məmmədov bu barədə belə danışıb: “Biz bu gün ölkəmiz üçün avtomobil sənayesində yeni bir mərhələnin başlanğıcını qeyd edirik və 2027-ci ilin 3-5 martında keçiriləcək Automechanika Baku sərgisinin təşkilini başladırıq. Avtomobil sektoru Azərbaycan üçün sadəcə nəqliyyat vasitələri deyil. Bu, texnologiya, peşəkarlıq və mədəniyyətdir. Biz qürur duyuruq ki, sərgi sahəsində nüfuzlu avtomobil bendləri ilə bir olan Automechanika artıq Bakıya gəlir – yeniliklərlə ənənənin, texniki mükəmməlliklə qonaqpərvərliyin qovuşduğu şəhərə. Azərbaycan Avtomobil Federasiyası bu sərginin keçirilməsini tam dəstəkləyir. Çünki bu layihə bilik mübadiləsi, innovativ texnologiyaların tanıdılması, yol təhlükəsizliyi və dayanıqlı inkişaf prinsiplərinin təşviqi üçün unikal platforma yaradacaq. Azərbaycan Avtomobil Federasiyası olaraq biz sərginin proqramında fəal iştirak edəcəyik — təlimlər, texniki seminarlar və peşəkar standartların yüksəldilməsinə yönəlmiş birgə təşəbbüslərlə… Eyni zamanda, bu sərgi ölkəmizdə avtomobil idmanının və mühəndislik potensialının inkişafına mühüm töhfə verəcək. Biz əminik ki, Automechanica Baku Beynəlxalq əməkdaşlığı gücləndirəcək, yeni biznes imkanları yaradacaq və regionda texnoloji tərəqqinin simvoluna çevriləcək”.

Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının Rəhbəri Eyyub Əliyev: “Bildirmək istərdim ki, ölkəmizdə belə bir mötəbər bir sərginin keçirilməsi avtomobil sektorunda çalışan insanlar və hər kəs üçün xoş xəbərdir. Bu onlar üçün avtomobil bayramıdır. Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası və üzvlər adından ölkəmizdə belə bir tədbirin keçirilməsinə dəstək verən Azərbaycan Avtomobil Federasiyasına təşəkkürümü bildirirəm. Bizim ölkəmiz avtomobil ölkəsi sayılır. Hələ 2008-ci ildə Naxçıvanda qurulan Avtomobil Zavodunda yığılmış avtomobillər satışa buraxıldı. Bundan sonra ölkəmizdə avtomobil sənayesində mühüm addımlar atıldı. Sonrakı dövrlərdə müxtəlif sənaye zonalarında avtomobil yığımları baş tutdu.
Sevindirici haldır ki, artıq ölkəmizdə avtomobillər üçün bir neçə detalın istehsal prosesləri baş tutub və bu detallar müxtəlif Yapon və Koreya avtomobilləri üçün satışa çıxarılır. Ümid edirik ki, Automechanika sərgisindən sonra ölkəmizdə avtomobil ehtiyat hissələrinin və digər detalların istehsalı ilə də bağlı sərmayələrin qoyuluşuna start veriləcək və bu işlə məşğul olan sahibkarları tez-tez görəcəyik. Biz də Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası olaraq Azərbaycan Avtomobil Federasiyasının yanındayıq”.

Automechanika Baku Sərgisinin Direktoru Orxan Əhmədov: “Biz əminik ki, Automechanika Baku sərgisi yalnız regional yox, həm də dünya avtomobil sənayesində öz töhfəsini verəcək. Sərginin təşkilatçı qismində yeni yaradılmış Tajsir Expo şirkəti çıxış edir. Tədbir Messe Frankfurt Exhibition GmbH-nin lisenziyası əsasında təşkil olunacaq. Fürsətdən istifadə edərək Azərbaycan Avtomobil Federasiyasına və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasına öz təşəkkürümüzü bildiririk”.





Şərh əlavə et