Xatırladaq ki, Formula 1-də 2024-cü il üzrə maliyyə reqlamentinin pozulmasında iki komanda şübhəli bilinirdi. Onlardan biri Aston Martin idi və komanda artıq bu məlumatı təsdiqləyib.
Silverstoundakı kollektivin konkret hansı qaydanı pozduğu rəsmi şəkildə açıqlanmasa da, məsələdən xəbərdar mənbələr bildirir ki, problem sənədlərin birində imzanın olmaması ilə bağlı olub. Komanda həmin sənədi 31 mart tarixinədək FIA-ya təqdim etməli idi, lakin bu, onlardan asılı olmayan səbəblərə görə mümkün olmayıb. Lazımi imza alındıqdan sonra sənədlər yenidən təqdim edilib.
Aston Martin baş verən vəziyyət barədə FIA-nı tam şəkildə məlumatlandırıb və komandanın faktiki xərclərinin müəyyən edilmiş limitdən aşağı olduğu müəyyənləşib. Buna baxmayaraq, imzanın olmaması sənədlərin təqdimetmə prosedurunun pozulması hesab edilib.
Komanda pozuntunu qəbul edib və FIA ilə müvafiq razılaşma imzalayıb. Hadisənin komandanın iradəsindən kənar baş verdiyi nəzərə alınaraq, Aston Martin-ə heç bir cəza tətbiq olunmayıb, yalnız inzibati xərclərin ödənilməsi tələb olunub.
Bununla belə, FIA-nın Aston Martin-in pozuntusu barədə rəsmi açıqlama verməsi bütün iştirakçı komandalar üzrə yoxlamanın nəticələri dərc edilənədək gözlənilmir.




Şərh əlavə et