Xəbəri Kokpitdə Oxuyun!

İki komanda FİA-nın qaydalarını pozub?

İki Formula 1 komandası maliyyə qaydalarını pozmaqda və 2024-cü ildə icazə verilən xərcləri aşmaqda şübhəli bilinir.

Qaydalara əsasən, keçən mövsümdə hər bir komanda ən çox 135 milyon dollar xərcləyə bilərdi. Lakin inflyasiya və digər amillər nəzərə alınaraq bu məbləğ təxminən 165 milyon dollara qədər artırılmışdı. Bütün komandalar maliyyə hesabatlarını FIA-ya təqdim edir və federasiya bu sənədləri yoxladıqdan sonra xərclərin qaydalar çərçivəsində olduğunu təsdiq edən sertifikatlar verir.

Adətən bu sertifikatlar sentyabr ayında təqdim olunur, lakin bu il belə olmayıb. Sonuncu dəfə sertifikatların verilməsində gecikmə 2021-ci ildə yaşanmışdı. O zaman Red Bull büdcəni 1,6 faiz həddində aşdığına görə 7 milyon dollar məbləğində cərimələnmiş və komandanın aerodinamik boruda işləmə vaxtı azaldılmışdı.

FIA-nın uzun müddət sükut saxlaması nəticəsində Ostin paddokunda bu il maliyyə pozuntularının aşkarlandığı barədə şayiələr yayılıb. Meksika Qran Prisinə qədər isə bu məlumatlar daha konkret xarakter alıb.

PlanetF1 nəşrinin məlumatına görə, pozuntu iki komandada müəyyən edilib və onlardan biri Aston Martin-dir. Komandanın 2024-cü il üçün maliyyə hesabatı FIA-da suallar doğurub. Bununla belə söhbət birbaşa limitin aşılmasından deyil, inzibati pozuntulardan gedir. Böyük ehtimalla sənədlərin tərtibatında xətalar baş verib, lakin təfərrüatlar hələ açıqlanmayıb.

İkinci komandanın pozuntusu isə “ciddi” hesab olunur. Bir neçə mənbə bildirib ki, söhbət ötən ilin xərclər limitinin həqiqi aşılmasından gedir. Eyni zamanda həmin komanda artıq öz nöqteyi-nəzərini müdafiə edərək, maliyyə qaydalarını pozmadığını iddia edir.

Öz növbəsində FIA, Meksikada qısa açıqlama ilə kifayətlənib və nəticələrin rəsmi dərcini gözləməyi tövsiyə edib: “FIA-nın xərclərə nəzarət administrasiyası 2024-cü il üçün komandalar və mühərrik istehsalçıları tərəfindən təqdim edilən hesabatların yoxlanmasını yekunlaşdırır. Nəticələrin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

FIA konkret komandalar və ya mühərrik istehsalçılarının təqdim etdiyi sənədlərlə bağlı şərh vermir. Möhkəmlənmiş təcrübəyə əsasən, yekun qərarlar bütün müraciətlərin tam araşdırılmasından sonra açıqlanacaq”.

Rauf Hacıyev

Şərh əlavə et