Xəbəri Kokpitdə Oxuyun!

Racing Bulls heyətini dəyişir?

Red Bull 2026-cı il mövsümündən əvvəl “qardaş komandası” Racing Bulls-un hər iki pilotunu dəyişməyə hazırlaşır.

Bu barədə məlumatı “F1 Nation” podkastının son buraxılışında Sky Sports F1-in aparıcısı Saymon Lezenbi yayıb. Onun sözlərinə görə, komanda gələn il tamamilə yeni heyətlə yarışa bilər.

Racing Bulls hələ 2026-cı il üçün rəsmi sürücü heyətini açıqlamayıb. Lakin Ayzek Hadcarın Red Bull Racing-ə yüksələcəyi gözlənilir. Bu hal, hazırkı pilotlar Yuki Tsunoda və Liam Lousonun gələcəyini qeyri-müəyyən vəziyyətə salıb.

Tsunoda Red Bull sisteminə qoşulduğu vaxtdan bəri performans cəhətdən gözləntiləri tam qarşılamayıb. Artıq o, təcrübəsinə görə “gənc sürücü proqramına aid profilə” uyğun gəlmir. Louson isə komandaya qayıtdıqdan sonra bəzi güclü yarışlar çıxarsa da, gənc komanda yoldaşı Hadcarın gerisində qalıb və Red Bull-un əsas komandası üçün “kifayət qədər təsirli” sayılmır.

Bu vəziyyət Red Bull-un iki yeni gənc pilotla yenilənmə mərhələsinə başlaması ehtimalını artırır. Lezenbi bu ssenarini 2011-ci il mövsümünün sonunda Sebastyan Buemi və Xayme Algersuarinin göndərilərək, yerinə Daniel Rikkardo və Jan-Erik Vernin gətirilməsinə bənzədib.

Üçqat W Series çempionu Ceymi Çedvik isə hesab edir ki, bu dəyişiklik Red Bull-un “növbəti Ferstappeni tapmaq” istəyindən qaynaqlanır: “Məncə, hər iki sürücünü eyni anda dəyişmək məntiqlidir. Red Bull artıq sabit pilotlar deyil, ulduz potensialı olan sürücülər axtarır. Mövcud heyətlə davam etsələr, bu iki pilotun heç vaxt Ferstappen səviyyəsinə çata bilməyəcəyini anlayırlar”.

Bununla yanaşı, Aleks Dann da Red Bull-un radarına düşüb. Ötən həftə McLaren-in gənc sürücü proqramından ayrılan irlandiyalı pilotun Red Bull-la danışıqlar apardığını Helmut Marko da təsdiqləyib. Sky Sports-un müxbiri Ted Kravitz isə iddia edib ki, Dann 2026-cı ildə Racing Bulls-un sükanı arxasında əyləşə bilər: “Dedi-qodulara görə, McLaren-lə yollarını ayıran Aleks Dann Red Bull-a qoşulacaq. Bu halda Arvid Linblad F2-də bir il daha qalacaq və Racing Bulls-da Hadcar ilə Dann yarışacaq. Tsunoda isə Aston Martin-də ehtiyat sürücü roluna keçə bilər”.

Belə görünür ki, Red Bull-un gənc pilot siyasəti yenidən sərtləşir və 2026-cı il mövsümü eynilə 2012-ci il kimi, komandanın heyətində köklü dəyişikliklərin baş verəcəyi “hər şeyə sıfırdan başlama ili” ola bilər.

Rauf Hacıyev

Şərh əlavə et