Ferrari ilə 2029-cu ilə qədər müqaviləsi olan monakolu pilot, komandanın son illərdəki qeyri-stabil çıxışı və 2026-cı ildə qüvvəyə minəcək yeni texniki reqlament səbəbindən fərqli variantları nəzərdən keçirməyə başlayıb.
İtaliya mətbuatının məlumatına görə, Leklerin meneceri Nikola Todt Montsada McLaren, Mercedes və Aston Martin rəhbərləri ilə danışıqlar aparıb.
McLaren tərəfdən Andrea Stella və Alessandro Alunni Bravi ilə görüşlər keçirilib. Amma Lando Norris Zek Braunun tam dəstəyini qazanıb və Oskar Piastri də Mark Vebberin dəstəyi ilə McLaren daxilində güclü mövqe tutub. Buna görə də yaxın perspektivdə dəyişiklik gözlənmir.
Todtun həmçinin Aston Martin rəhbəri Lourens Stroll və Mercedes-in rəhbəri Toto Volfla da danışdığı bildirilir. Volfun əsas hədəfinin Maks Ferstappen olduğu məlumdur, ancaq mümkün alternativlər də nəzərdən keçirilir.
Aston Martində isə həm Fernando Alonso, həm də Ləns Strollun müqavilələri 2026-cı ildən sonra başa çatacaq.
Leklerin mümkün gedişi Ferrari üçün kritik nəticələr doğura bilər. Komanda təkcə ulduz pilotunu deyil, 2026-cı ildən sonra karyerasını bitirəcəyi ehtimal olunan Lyuis Həmiltonu da itirə bilər.
İddialara görə, belə bir ssenaridə Karlos Sayns yenidən gündəmə gələ bilər.
Pilot bazarına yön verəcək əsas fiqurun isə Maks Ferstappen olması gözlənilir. Niderlandlı pilot Formula 1-dəki gələcəyini hələ də dəqiqləşdirməyib və gələn il başladıqdan sonra ona “ən yaxşı maşını verəcək komandanın” xeyrinə qərar verməsi gözlənilir.
Şərh əlavə et