İtalyan sürücü Kanadada parlaq podium qazanandan sonra Avropa mərhələlərində çətinliklərlə üzləşmişdi. Buna görə də Kimi Antonelli Bakıya aşağı əhvalla gəlmişdi.
Debütant sürücü Avropadakı doqquz yarışda cəmi 3 xal toplamışdı və bu xalları Macarıstanda onuncu, Montsada isə doqquzuncu yeri tutaraq əldə etmişdi.
Amma Bakıda baş tutan çətin sıralanma turunda təcrübəli pilotlar səhv etdiyi halda Antonelli səhv etmədən trasda qalmış və dördüncü yeri tutmuşdu. Yarış ərzində podium mübarizəsi aparan Mercedes pilotu damalı bayrağı dördüncü yerdə keçmiş və debüt mövsümündəki ikinci ən yaxşı göstəricisi göstərmişdi.
Gənc pilot podiumu qaçırdığı üçün bir az məyus olsa da, Ceyms Əllisondan yüksək qiymət alıb.
Ceyms Əllison onun performansını belə dəyərləndirib: “Düşünürəm ki, hamımız sessiyaları stabil keçirməyə fokuslanmışdıq. Məşqlərdə diqqət və konsentrasiya çox vacibdir, sıralanmalara düzgün hazırlaşmaq yarışın gedişi üçün həlledici rol oynayır. Məşqlərdə edilən ən kiçik səhv göründüyündən daha baha başa gəlir, buna görə də hamımız diqqətli olmalıydıq.
Kimi Bakıda tamamilə çempion kimi sürdü, həqiqətən bir dənə də səhv etmədi. Həftə sonu yalnız bir dəfə qaçış zonasına çıxdı, amma maşınında ən kiçik cızıq belə olmadı.
Sıralanmalarda vəziyyətin nə qədər çətin olduğunu gördünüz, çoxlu qırmızı bayraq oldu. Amma Kimi bütün bunlardan üzüağ çıxıb, yaxşı dövrə vurdu. Həqiqətən çox əla bir həftə sonu keçirdi”.
Şərh əlavə et