Xəbəri Kokpitdə Oxuyun!

R.Qrojan: Xüsusi anlar idi

Roman Qrojan İtaliyanın Muccello avtodromunda Haas bolidinin sükanı arxasına keçib. O, cari ilin maşını olmasa da, əvvəlki illərə aid bolidin testləri (TPC) çərçivəsində trasda olub.

Kokpit.az xatırladır ki, fransalı sürücü sonuncu dəfə Formula 1 maşınını 2020-ci ilin noyabrında Bəhreyn Qran Prisində süzmüşdü. Həmin yarışın startından az sonra o, Saxir avtodromunda dəhşətli qəza keçirmiş, möcüzə nəticəsində sağ qalmış və yalnız əllərindən yanıq xəsarətləri almışdı. Bir neçə ay davam edən sağalma prosesindən sonra Qrojan karyerasını IndyCar seriyasında davam etdirmişdi.

O, Mucellodakı testlərdə uşaqlarının beş il əvvəl hazırladığı dizayna malik dəbilqə ilə çıxış edib. Əslində həmin dəbilqə ilə Roman 2020-ci ildə Abu-Dabidə sonuncu Qran Prisində iştirak etməli idi, ancaq taleyin başqa planı vardı. Bu dəfə avtodromda Ferrari komandasının rəhbəri Frederik Vassyör və Haas-ın hazırkı rəhbəri, vaxtilə Qrojanın yarış mühəndisi olmuş Ayo Komatsu olublar.

Roman Qrojan: “Bəhreyn Qran Prisindən beş il keçib və biz bu gün buradayıq, Muccelloda.. Haas F1 komandasına böyük təşəkkürlərimi bildirirəm. Bu, xüsusi bir gündür! Əlbəttə ki, Cin Haas və Ayo Komatsuya da minnətdaram, çünki məhz onlar bu testlərin baş tutmasına imkan verdilər.

Sessiya zamanı yağış yağırdı, amma belə bir deyim var: «Əgər toy yağış altında baş tutursa, o, xoşbəxt toy olur». Gün yağışlı olsa da, sevinc dolu idi. Əvvəlcə bir az formadan düşdüyümü hiss etdim, lakin sonra bütün düzgün hisslər geri qayıtdı. Hətta start almaq məşqi də etdim və bilirsinizmi? Sonuncu dəfə 2020-ci ilin Bəhreyn Qran Prisində startdan başlamışdım. Bu dəfə isə hər şey xeyli yaxşı alındı!

Bu, yeni nəsil maşını sürmək və eyni zamanda 2016-cı ilin Avstraliya Qran Prisində  Haas-ın Formula 1-də ilk yarışında mənimlə birlikdə işləmiş bəzi insanları görmək üçün tamamilə unikal fürsət idi. Bu, sadəcə əla idi, çox-çox minnətdaram, başqa söz tapa bilmirəm.

Günün sonunda isə çox kövrəldim! Vizoru aşağı salmalı oldum. Boksa qayıdanda Ferrari, Red Bull, təbii ki, Haas F1 və Pirelli əməkdaşları hamısı pit yoluna çıxıb mənim üçün kiçik bir alqış mərasimi təşkil etdilər. Bu, 2020-ci ilin dekabrında Abu-Dabidə görməyi ümid etdiyim an idi, ancaq düşünürəm ki, burada yaşadıqlarım ondan da güclü təsir bağışladı”.

Rauf Hacıyev

Şərh əlavə et