Xəbəri Kokpitdə Oxuyun!

M.İzola: Bakı yarışını proqnozlaşdırmaq çətindir

Pirelli Motorsport-un rəhbəri Mario İzola bildirib ki, Azərbaycan yarışını proqnozlaşdırmaq mümkün deyil.

Komandalar məşqlərdə sıralanma turu üçün təkərləri aktiv şəkildə qoruyurdular, amma sıralanma turunda sessiya 6 dəfə qırmızı bayraqla dayandırılıb və bu rekord deməkdir. Heç kim bunu əvvəlcədən proqnozlaşdıra bilməzdi…

Mario İzola, Pirelli-nin avtoidman üzrə direktoru: “Çox qeyri-adi sıralanma turu idi – həm müddətinə görə, həm də təkərlərin istifadəsinə görə.

Sürət baxımından C5 və C6 tərkibləri arasında fərq böyük olmayacağını biz bilirdik. Fərqlər maşından-maşına, hətta sürücüdən-sürücüyə dəyişəcəkdi. Amma uzunmüddətli sessiya ərzində temperaturun düşməsi fərqi daha da azaltdı. Nəticədə iki tərkib arasında seçim daha çox subyektiv oldu. Elə bil ki, bu gün Soft tərkibi dünənkindən fərqli olaraq daha effektiv idi.

Bazar günü yarışının ən sürətli strategiyası Medium və Hard təkərlərdən istifadə ilə bir pit-stop olacaq. Təbii ki, əgər qırmızı bayraqlar olmazsa. Komandaların Soft-dan yarışda istifadə etməsi çətin görünür, lakin tam da istisna edilə bilməz. Məsələn, kimsə qısa ilk hissəni Soft-da gedib, sonra boş trasda finişə qədər irəliləmək istəyə bilər.

Aydındır ki, Medium və ya Hard ilə ilk hissəyə başlamaq daha çox çeviklik verir, çünki yarışın neytrallaşdırılması ehtimalı var. Bunu həm sıralanma turunda, həm də Formula 2 yarışında gördük. Bir şeyi isə tam əminliklə demək olar: bizi gözləyən yarış çox proqnozlaşdırılmaz olacaq. Burada qeyri-adi start düzülüşü də rol oynayır. Cari mövsümdə belə sıralanma hələ olmamışdı”.

Rauf Hacıyev

Şərh əlavə et