Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Poul üçün hazır idik

Red Bull komandasının sürücüsü Maks Ferstappen karyerasında ilk dəfə Azərbaycan Qran Prisində poul qazanıb. Mövcud dünya çempionu üçün bu nəticə mövsümdə altıncı, karyerasında isə 46-cı poul olub.

Kokpit.az xatırladır ki, niderlandlı sürücü xaotik keçən sıralanma turunda birinci yeri tutaraq, azarkeşlərini sevindirib.

Maks Ferstappen:  “Çox uzun sıralanma turu oldu, qırmızı bayraqlar çox idi. Belə şəraitdə ideal dövrə vurmaq çətin idi – ya təkərlər lazımi vəziyyətdə olmurdu, ya da qırmızı bayraqlar prosesi dayandırırdı. Xüsusilə də finişdə çətin oldu, çünki yağış damcılayırdı. Həqiqətən mürəkkəb sessiya idi.

Sonuncu dövrədə bütün gücümü ortaya qoymalı oldum. Hətta planlaşdırdığım təkərlərdə də deyildim, çünki qırmızı bayraqlar üzündən onlar yeyilmişdi.

Həftəsonunun gedişindən çox razıyam. Artıq birinci sərbəst yürüşdən yaxşı görünürdük, sonra tempi artırdıq və sıralanma turunda ən yaxşı nəticəni göstərdik. Bu, vacib an idi.

Düşünürəm ki, havadan asılı olmayaraq poul üçün hazır idik. Finiş hamı üçün xaotik oldu, amma nəticədən məmnunam. Montsadan bəri işimizi yaxşı görürük və ümid edirəm ki, belə davam edəcək.

İrəlidə uzun yarış var. Yaxşı start almaq, sonra öz tempimizi saxlamaq və təkərlərin yeyilməsinə nəzarət etmək lazımdır, çünki daha yumşaq tərkiblər  çətinlik yaradır. Görək hadisələr necə cərəyan edəcək”.

Rauf Hacıyev

Şərh əlavə et