Xəbəri Kokpitdə Oxuyun!

Azərbaycan Qran Prisində ikinci gün başlayır

Bu gün Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in ikinci günü paytaxtda həyəcanla davam edir. Qeyd edək ki, gün ərzində üç əsas sessiya keçiriləcək.

Saat 12:30-da Formula 1 sürücüləri sonuncu sərbəst yürüşə çıxaraq komandaları ilə birlikdə trasda son sazlanmaları yoxlayacaqlar. Ardınca, saat 14:15-də Formula 2 sürücüləri sprint yarışında qalibiyyət uğrunda mübarizə aparacaqlar. Günün ən böyük maraqla gözlənilən məqamı isə saat 16:00-da start götürəcək sıralanma turu olacaq. Burada F1 pilotları sabahkı əsas yarış üçün start düzümünü müəyyən edəcəklər.

Axşam isə azarkeşləri möhtəşəm musiqi proqramı gözləyir. İlk olaraq səhnəyə britaniyalı indie-pop qrupu Glass Animals çıxacaq. Onların “Heat Waves” mahnısı “Billboard Hot 100” siyahısında 7 həftə ardıcıl zirvədə qərarlaşaraq dünya musiqi tarixində iz qoyub. Kreativ üslubu və tamaşaçı ilə canlı ünsiyyətləri ilə seçilən qrup Bakıda fərqli enerji və unikal atmosfer yaradacaq.

Gecənin əsas ulduzu isə dünya elektron musiqisinin ən məşhur adlarından biri – Martin Garrix olacaq. “DJ Mag Top 100” siyahısının dəfələrlə zirvəsində yer almış ifaçı paytaxtda milyonlarla insanın sevdiyi hitlərini səsləndirəcək. Onun “Animals”, “Scared to be Lonely” (Dua Lipa ilə), “In the Name of Love” (Bebe Rexha ilə) və “We Are the People” (Bono və The Edge ilə) kimi əsərləri artıq qlobal musiqi tarixində iz qoyub. Enerji dolu setləri və möhtəşəm səhnə performansı ilə Garrix-in çıxışı yarış həftəsonunun zirvəsi olacaq.

 

Xatırladaq ki, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 dünən start götürüb və sabah, 21 sentyabrda keçiriləcək əsas yarışla yekunlaşacaq.

 

Rauf Hacıyev

Şərh əlavə et