Fransalı sürücü son dəfə hələ yay fasiləsindən əvvəl – Belçika Qran Prisində xal qazanmışdı. Alpine sürücüsü FIA-nın Bakıda keçirdiyi mətbuat konfransında bildirib ki, belə nəticələr təəccüblü deyil, çünki komanda kifayət qədər erkən mərhələdə hazırkı A525 maşınının yeniliklərini dayandırmaq qərarı verib.
Pyer Qasli: “Biz başa düşürük ki, mövsüm istədiyimiz kimi alınmır və yəqin ki, ilin qalan hissəsi də bizim üçün kifayət qədər çətin olacaq. Amma bu, həftəsonuna yanaşmamızı dəyişmir, çünki komanda maksimum gücünü ortaya qoymağa çalışır. Lakin nəticələrə gəldikdə isə, getdikcə ikinci sessiyaya düşməkdə və ilk onluğa yaxınlaşmaqda daha çox çətinlik çəkirik.
Mən mövsümün əvvəlindən komandanın tam şəkildə 2026-cı ilin maşını üzərində işləməsinə tərəfdar olmuşam. Buna görə də erkən mərhələdə hazırkı maşının üzərində işi dayandırmaq, onu təkmilləşdirməməklə bağlı bir neçə taktiki qərar qəbul edildi. Buna mövsüm ərzində baş verən bəzi reqlament dəyişiklikləri də təsir göstərdi.
Nəticədə mövsümə, belə deyək, pis başlamadıq, ancaq tədricən sürət itirdik, rəqiblər isə inkişaf etdi. Geriləmənin özü o qədər də böyük deyil, amma iki-üç onda bir saniyə fərq sən ya ilk onluqdasan, ya da peletonun sonunda. Təəssüf ki, biz daha çox sonlara yaxın olmuşuq. Amma komanda yaxşı bilir ki, bizi bu vəziyyətə hansı qərarlar gətirib.
Düşünürəm ki, bir neçə ay ərzində bütün səylərimiz öz bəhrəsini verəcək. Mən bilirəm ki, komanda yeni reqlament şəraitində əla işləyir və 2026-cı ilin başlanğıcını səbirsizliklə gözləyirəm”.
Şərh əlavə et