Xəbəri Kokpitdə Oxuyun!

Ş.Lekler: Bakıda divarlar çox yaxındır

Şarl Lekler bu həftəsonu şanslarını dəyərləndirərkən bildirib ki, hazırda Ferrari təkcə McLaren-ə yox, Red Bull-a da uduzur. Bununla belə, o, Bakı trasını çox bəyəndiyini və bunun yaxşı nəticəyə ümid verən əlavə faktor ola biləcəyini deyib.

Kokpit.az xatırladır ki, monakolu sürücü daha əvvəl – 2021, 2022, 2023 və 2024-cü illərdə ardıcıl dörd dəfə poul qazanıb, amma bunların heç birini qələbəyə çevirə bilməyib.

Şarl Lekler: “McLaren bütün komandalardan öndə olacaq, amma Montsada Red Bull və Maks da böyük irəliləyiş göstərdi. Düşünürəm ki, onlar bəzi məqamlarda aydınlıq gətirdilər və maşına çox effektiv yeni detallar quraşdırdılar, bu da böyük addım atmağa imkan verdi.

Hesab edirəm, onlar da McLaren-lə mübarizə aparacaqlar. Hazırda hər iki komanda bizdən güclüdür, buna görə də yəqin ki, onların arxasında qalacağıq. Mercedes-ə gəlincə, onlarda heç vaxt tam aydınlıq olmur. Bizim kimi, onlarda da sabitlik çatışmır.

Amma mən bu trası çox sevirəm və burada yaxşı çıxış etmişəm, xüsusən sıralanma turunda. Yarışlarda isə iş daha çətin olub. O zaman maşının real imkanları üzə çıxır, lakin biz əlimizdən gələni edəcəyik. Sonra isə nəyə nail ola biləcəyimizi görəcəyik.

Bir sürətli dövrədə bəzən şassinin zəif cəhətlərini gizlətmək olur, ancaq yarış tempində təkərlərin deqradasiyası özünü göstərir və bütün çatışmazlıqlar üzə çıxır. Bakı trasının əsas çətinliyi isə divarların yaxınlığıdır.

Məhz buna görə burada çıxışlar ciddi sınaq olur. Şəhər traslarının hərəsi özünəməxsus çətindir, amma Bakıda qala divarı boyunca çox dar bir hissə var. Həm də orada yol yuxarı qalxır və bu yerdə çox vaxt qəza etmək olar. Mən artıq bu trasda işləməyi səbirsizliklə gözləyirəm!

Ümumilikdə şəhər traslarında özümü çox rahat hiss edirəm, hər şey təbii alınır. Ola bilsin, Bakı Şəhər Halqasında əlavə fərqlər də var, buna görə də burada xüsusilə güclü çıxış edirəm. Qısası, indi çox yaxşı əhval-ruhiyyədəyəm və düşünürəm ki, yüksək nəticə uğrunda mübarizə apara biləcəyik.

Amma həftəsonuna hazırlıq yanaşmam dəyişmir. Mən həmişə eyni metodla hazırlaşıram, keçmişə çox baxmamağa üstünlük verirəm”.

Rauf Hacıyev

Şərh əlavə et