Montsa yarışında pit-stopda gecikmə səbəbindən Oskar Piastri komanda yoldaşını qabaqlamış, lakin daha sonra komandanın istəyi ilə mövqeyini Landoya geri qaytarmışdı. Bu qərar çoxlarına xoş gəlməmişdi. Xüsusilə keçmiş pilot Devid Kulthar McLaren-in addımını “nəticələrə manipulyasiya” adlandırmışdı. Cümə axşamı Bakıda Norris tənqidlərə cavab verib.
Lando Norris: “Bəzi məqamları aydınlaşdırmaq istəyirəm. Finişdən sonra müsahibə verərkən mən bəzi şeylərdən xəbərsiz idim, məsələn, Şarl Leklerin ‘undercut’ cəhdi, amma komanda qərar verərkən bunları nəzərə almışdı. Qərar təkcə pit-stopdakı gecikmə ilə bağlı deyildi – çoxsaylı amillərə əsaslanırdı.
Əsas odur ki, biz Oskarla birlikdə bu qərara razı olduq və onu vahid komanda kimi qəbul etdik. Uzun müddətdən sonra ilk dəfə belə bir hal yaşandı və səbəb yalnız mənim yavaş pit-stopum deyildi. Bir neçə faktorun məcmusu komandanın bizi yerlərimizi dəyişməyə sövq etdi. Məsələn, ötən il Macarıstanda da oxşar vəziyyət olmuşdu.
Əlbəttə, komanda aramızda ədalətli mübarizəni qorumağa çalışır, amma nadir hallarda müdaxilə etməli olur və kimsəyə kömək edir.
Müasir dünyada insanlar yalnız neqativ yanaşmaq, başqaları haqqında pis danışmaq istəyirlər. Buna görə də qərarımıza belə reaksiya verilməsinə təəccüblənmirəm. Mətbuat oxucular üçün parlaq başlıqlar axtarır. Dediyim kimi, bu reaksiyalar məni ümumiyyətlə təəccübləndirmədi.
Komandaya da heç bir təsiri olmadı, çünki belə reaksiya gözlənilən idi. Bizim dünyada pozitivdən çox neqativ var. Biz başqalarına xoş gəlib-gəlməməsindən asılı olmayaraq, doğru bildiyimiz kimi hərəkət etməyə davam edəcəyik. Bu, bizim problemimiz deyil və tənqid bizi narahat etmir. Əsas odur ki, biz razıyıq və diqqətimizi yalnız öz maraqlarımıza yönəldirik”.
Şərh əlavə et