Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton Bakıdakı yarışa optimist yanaşır

Ferrari komandasının sürücüsü Lyuis Həmilton Bakıda yarış həftəsonu başlamazdan əvvəl optimist əhval-ruhiyyədə olduğunu bildirib. O, bunu bir sıra məsələlərdə inkişaf əldə etməsi ilə əlaqələndirib.

Kokpit.az xatırladır ki, britaniyalı sürücü bu il geridə qalan 16 yarışda hələ də podium görməyib.

Lyuis Həmilton: “Ferrari maşını Bakıda əvvəllər sürdüyüm bolidlərdən çox fərqlənir. Bu trasda hələ onunla yarışmamışam və əvvəlki illərdə Mercedes-lə sürdüyümlə müqayisədə adaptasiyam necə olacaq, maraqlıdır. SF-25-in burada necə davranacağını tezliklə yoxlamağı çox istəyirəm.

Bu maşın asfaltla daha yüksək mexaniki tutuş təmin edir, onu daha ‘yumşaq’ adlandırmaq olar. Ümid edək ki, bu xüsusiyyət belə bir tras üçün yaxşı olacaq.

Qalan yarışlara gəldikdə, qələbə şanslarından danışmaq artıq olardı, çünki bu il daha çox altıncı, yeddinci və ya səkkizinci yerdə finiş etmişəm. Amma mövsümün gedişində ən azı bir dəfə podiuma qalxmağı çox istərdim. Komandamı sevindirmək istəyirəm, çünki mənim komanda yoldaşım Şarl bunu artıq beş dəfə bacarıb.

Amma bu həftəsonu öncəsi optimistəm. Hiss edirəm ki, bir sıra məsələləri aydınlaşdıra bilmişəm və indi daha yüksək sürətlərə çata biləcəyimi yoxlamaq istəyirəm. Ümid edirəm ki, Bakının yarış günlərində bunun başlanğıcını qoya bilərəm.”*

Rauf Hacıyev

Şərh əlavə et