Xəbəri Kokpitdə Oxuyun!

Qadın pilot FIA prezidenti postuna namizədliyini irəli sürüb

İsveçrəli pilot Lora Villars ilin sonunda keçiriləcək FIA prezidenti seçkilərində iştirak üçün namizədliyini irəli sürdüyünü açıqlayıb. Bununla da o, keçmiş FIA stüardı Tim Mayer və hazırkı prezident Məhəmməd Ben Sulayemdən sonra üçüncü namizəd olub.

28 yaşlı Villars avtoidman karyerasına 2023-cü ildə BƏƏ-də Formula 4-də iştirakla başlayıb. 2024-cü ildə o, Səudiyyə Ərəbistanında Formula 4-də 14-cü yeri tutub və Ferrari Europe çempionatında qadın həvəskarlar kateqoriyasında çempion olub. 2025-ci ildə isə Ligier Euro seriyasında karyerasını davam etdirib, yeddi yarışda iki xal qazanıb.

Eyni zamanda sahibkar olan Lora Villars qısa press-relizdə namizədliyini belə izah edib: “FIA yenidən klubların və lisenziya sahiblərinin federasiyası olmalıdır. Mənim məqsədim – qadınlara və gənclərə açıq, daha demokratik, şəffaf və məsuliyyətli idarəçilikdir. Mən qəti əminəm ki, avtoidmana müxtəliflik və innovasiya lazımdır ki, bütün dünyada gənc nəsli ruhlandırmağa davam etsin”.

Öz manifestində Villars beş əsas məqamı vurğulayıb:

  • Milli klubların imkanlarının genişləndirilməsi, müntəzəm məsləhətləşmələr və ictimaiyyətin iştirakı ilə idarəetmə;

  • Maliyyə və qərarvermə prosesində şəffaflığın artırılması;

  • Dayanıqlı inkişaf sahəsində liderliyi tanımaq üçün FIA Eco-Performance nişanının tətbiqi;

  • «Qadınlar avtoidmanda» proqramının inkişafı və FIA Gənc Liderlər Akademiyasının yaradılması;

  • FIA-nın dayanıqlı mobillik və yol təhlükəsizliyi sahəsində qlobal nümunə kimi mövqeləndirilməsi.

Elçin Zodorov

Şərh əlavə et