Xəbəri Kokpitdə Oxuyun!

Norris kumiri Rossi ilə görüşüb

Bir vaxtlar Lando Norris müsahibələrinin birində belə demişdi: “Kim bilir, əgər mən Valentino Rossiyə azarkeşlik etməsəydim və motosiklet sürməyə başlamasaydım, bəlkə də ümumiyyətlə avtoidmanla məşğul olmazdım, yaxud bu maraq məndə daha gec yaranardı…”

O, əfsanəvi italiyalı motoyürüşçü, doqquzqat Dünya Çempionu ilə 2021-ci ildə tanış olub və o vaxtdan etibarən onların arasında səmimi dostluq münasibətləri formalaşıb. Onların növbəti görüşü ötən həftəsonu Mizanoda baş tutub – italiyan trasında San Marino Qran Prisi – MotoGP mövsümünün 16-cı mərhələsi keçirildi. Bundan sonra McLaren sürücüsü sosial şəbəkələrdə bir neçə şəkil paylaşıb və belə şərh yazıb: “Kumirlərinizlə şəxsən tanış olmayın deyən insan yəqin ki, heç vaxt Vale ilə qarşılaşmayıb!”

Norris MotoGP-nin böyük pərəstişkarıdır və Montsa yarışında 2-ci yeri tutduqdan sonra Noale şəhərində yerləşən Aprilia zavoduna baş çəkib. Burada, o cümlədən RS-GP yarış motosikletləri hazırlanır. Aprilia Racing komandasında hazırkı dünya çempionu Xorxe Martin yarışır.

Norris onunla da söhbət edib, amma görünür, ən çox təəssüratını VR46 Racing Team bazasına səfər yaradıb. Bu komanda Rossiyə məxsusdur və MotoGP-də başqa bir italyan markası olan Ducati motosikletləri ilə mübarizə aparır.

Xatırladaq ki, vaxtilə Lando öz dəbilqəsini də «Vale»nin şərəfinə bəzəmişdi, onun sarı rəngi də Rossinin MotoGP-dəki uğurlarına bir ehtiram idi.

46 yaşlı italiyalı sürücü Formula 1 padokunda da tez-tez görünür. Amma əslində Rossinin boş vaxtı o qədər də çox deyil, çünki o, hələ də karyerasını davam etdirir – Team WRT komandasının heyətində BMW M4 GT3 ilə dözümlülük yarışlarında çıxış edir.

Rauf Hacıyev

Şərh əlavə et