Xəbəri Kokpitdə Oxuyun!

E.Okon: Bakıda balans tapmaq çətindir

Haas F1-in mətbuat xidməti qarşıdakı Azərbaycan Qran Prisinə hazırlıq barədə məlumat verərkən xatırladıb ki, Bakıdakı yarış təqvimdə məhz 2016-cı ildə – Amerika komandasının çempionatda debüt etdiyi mövsümdə peyda olub. Doğrudur, o vaxt bu yarış Avropa Qran Prisi adlanırdı, amma bu artıq detal sayılır.

Komandanın hazırkı hər iki sürücüsü də vaxtilə Azərbaycan paytaxtının küçə trasında ilk onluqda finişə çatın: Esteban Okonun ən yaxşı nəticəsi 2017-ci ildə 6-cı yer olub, Oliver Berman isə ötən il Kevin Maqnusseni əvəz edərkən 10-cu yeri tutaraq bir xal qazanıb.

Ayo Komatsu, komanda rəhbəri: “Biz səbirsizliklə Bakının küçələrinə qayıtmağı gözləyirik – bu mürəkkəb tras çoxsaylı yavaş döngələri və çox uzun düzlüyü ilə seçilir. Burada üç ən yumşaq təkər tərkibindən istifadə ediləcək, buna görə də hər zaman olduğu kimi, təkərlərin effektiv işləməsini təmin etmək həlledici olacaq.

Montsada xüsusi versiya hazırlamamağımıza baxmayaraq, ilk onluğa düşməyimizə çox az qalmışdı, sadəcə bir neçə insident buna mane oldu. İndi isə bunu kompensə etməyə köklənmişik. Peletonun ortasında nəticələrin sıxlığı bu qədər yüksək olanda ilk onluğa düşmək üçün maksimum səy göstərməliyik. Hədəfimiz məhz budur”.

Esteban Okon: “Montsada çətin yarışdan sonra bu həftəsonu Bakıya qayıtmağa hazırlaşırıq. Burada yarışmaq çox maraqlıdır, çünki trasın ‘ikiüzlü’ xarakteri var: bir tərəfdən dar döngələri olan dolaşıq sahələr, digər tərəfdən isə çox uzun düzlüklər var.
Bu isə tam konsentrasiya tələb edir – çünki daim divarların yanında gedirsən, xüsusilə də içərişəhərdəki ən dar hissədə. Əvvəlki illərdə burada tez-tez xaosun başladığını görmüşük, amma əgər bundan yayınmağı bacarsan, yaranan şansı dəyərləndirməlisən.

Bakıda hər zaman düzgün balansı tapmaq vacibdir: maşın həm yavaş döngələrdə, həm trasdakı nahamarlıqlarda normal hərəkət etməli, həm də iki çox uzun düzlükdə sürətli olmalıdır. Buna görə də cümə sərbəst yürüşlərində effektiv işləmək lazımdır. Belə olan halda xallar uğrunda mübarizə aparmaq üçün əlverişli imkan əldə edəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et