Xəbəri Kokpitdə Oxuyun!

Yeni bolidlər 400 km/saata çatmayacaq

FIA-nın biryerlikli maşınlar üzrə yarış direktoru Nikolas Tombasis 2026-cı il bolidlərinin 400 km/saat sürət yığmayacağını bildirib. O, bu sözləri Toto Volffun yayda Auto Motor und Sport-a verdiyi müsahibədə səsləndirdiyi ehtimala cavab olaraq deyib.

Əlbəttə, həmin vaxt Mercedes komandasının rəhbəri yeni nəsil maşınların imkanlarını qəsdən şişirtmişdi. Onun demək istədiyi isə o idi ki, nəzəri cəhətdən düz xətdə, mühərrik maksimal gücdə işləyərkən belə bir sürət mümkün ola bilər.

Nikolas Tombasis: “Sizi əmin edə bilərəm ki, 400 km/saat sürət olmayacaq. Mənim eşitdiyimə görə, bu daha çox yüngül yanaşma ilə deyilmiş bir şərh idi. O, bu maşınların gücünü və hava müqavimətinin aşağı olmasını nəzərdə tuturdu. Əgər nəzəri olaraq bütün bu amilləri birləşdirsək, belə bir sürət əldə oluna bilər.

Amma qüvvədə olan reqlamentdə enerji istifadəsinə dair tələblər elədir ki, bu nə fiziki, nə də texniki cəhətdən mümkün deyil. FIA bu reqlamentin icrasına ciddi nəzarət edir və ən əsası, təhlükəsizlik səbəbləri tələb edərsə, biz hər zaman müdaxilə edə bilərik.

Yəni lazım gəlsə, müdaxilə edəcəyik, amma tam əminik ki, reqlament belə sürətə yol vermir”.

Yeni nəsil güc qurğuları ilə maşınların ilk testləri yanvarda Barselonada qapalı qapılar arxasında keçiriləcək. Ora nə mətbuat, nə də azarkeşlər buraxılmayacaq. O vaxta qədər FIA komandaların təqdim etdiyi məlumatları toplamaqda davam edəcək və çempionat iştirakçılarının şəffaflıq prinsipinə əməl edəcəyinə ümid edir.

Nikolas Tombasis: “Yeni reqlamentin ilkin mərhələsində nəticələrdəki fərq daha böyük olacaq. Bu da oyunun bir hissəsidir. Əvvəl maşınların sürət imkanlarındakı fərqlər daha çox nəzərə çarpacaq. Çünki komandalardan bəziləri yeni reqlamenti tez mənimsəyəcəklər, bəziləri isə çətinliklərlə üzləşəcəklər…

FIA-nın komandaların güc qurğularının real gücü və ya aerodinamik boruda işlədikləri yüklənmə səviyyələri barədə məlumatlara çıxışı yoxdur. Biz bunu bilmirik, çünki reqlament, təbii ki, belə məlumatların bizə təqdim olunmasını nəzərdə tutmur. Ona görə də kimin işlərinin yaxşı, kimin işlərinin pis getməsi barədə danışılanların hamısı sadəcə fərziyyədir.

Aydındır ki, çempionatda debütantlar var. Onların görəcəyi iş çoxdur. Əslində, hər kəs çox şey öyrənməlidir, çünki reqlament hamı üçün yenidir. Amma debütantların işi ikiqat çətindir.

Hazırda isə biz gələcək maşınların dəqiq xüsusiyyətlərinə və onların trasdakı davranışına maksimum diqqət yetiririk və hər şeyi müzakirə edirik. Əsas prioritet odur ki, pilotlar sükan arxasında təbii hisslər yaşasınlar. Həmçinin enerji sərfiyyatının idarə olunması ilə bağlı bütün çətinliklərin öhdəsindən gəlmək, elektrik enerjisi ilə daxiliyanma mühərrikinin verdiyi güc arasında balansı tutmaqdır.

Yeni mövsüm yaxınlaşdıqca komandalar simulyatorlarda daha fəal işləyirlər və bəziləri məlumatları bizimlə kifayət qədər bölüşür. Bu məlumatlar getdikcə daha inandırıcı olur. Eyni zamanda, reqlamentdəki bəzi çatışmazlıqların, xüsusilə də enerji sərfiyyatının idarə olunması ilə bağlı məqamların düzəldilməsi prosesi davam edir ki, maşınlar trasda normal davransın”.

Rauf Hacıyev

Şərh əlavə et